Muxtar respublikada peşə təhsilinin inkişafı ilə bağlı keçirilən seminar başa çatıb

A- A A+

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda peşə təhsili və təliminə Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində Naxçıvan şəhərində keçirilən “Peşə təhsili və təlimi, bacarıqların gələcək inkişafı və iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə dair təcrübə mübadiləsi” adlı seminar başa çatıb.

NUHÇIXAN xəbər verir ki, tədbir Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Xarici əlaqələr şöbəsinin müdiri Röya Səfərova açaraq qonaqları salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvanda yüksək qonaqpərvərliklə qarşılandıqları üçün minnətdarlığını bildirib. Qeyd edib ki, Avropa İttifaqı Azərbaycan Respublikasında peşə təhsili və təlimi sahəsində davam edən islahatları dəstəkləyir. Bu dəstəyin Naxçıvan Muxtar Respublikasına da faydalı təsirlərini nəzərə alaraq təşkil edilən seminar Avropa İttifaqının peşə təhsili və təlimi sahəsində ən nümunəvi təcrübələrini paylaşmaq məqsədi daşıyır. Eyni zamanda, Avropa İttifaqının Azərbaycanda peşə təhsili sahəsində davam edən və gələcəkdə planlaşdırılan layihələrini, Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyinin hazırda davam edən və planlaşdırılan tədbirlərini təqdim etmək, Naxçıvan Muxtar Respublikasında peşə təhsili və təlimi sistemində mövcud praktika və qarşıda duran məsələlərlə tanış olmaq da əsas məqsədlərdəndir.

“Naxçıvan Muxtar Respublikasında peşə təhsilinin inkişafı” adlı məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov regionda peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından danışıb. Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun böyük diqqət və qayğısı sayəsində gündən-günə yeniləşən Naxçıvan özünün hazırkı sürətli inkişaf dövründə ötən hər ili sosial-iqtisadi həyatda əldə olunan mühüm nailiyyətlərlə başa vurur. Uğurla reallaşdırılan dövlət proqramları əsasında muxtar respublikanın sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, bir sıra mühüm tədbirlər həyata keçirilib, təhsilin bütün pillələri kimi peşə təhsilinin inkişafı da diqqətdə saxlanılıb.

“Peşə təhsili müəssisələrində tədris prosesi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tədris planları əsasında həyata keçirilir, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən göndərilmiş dərsliklərdən istifadə olunur, eləcə də elektron tədris vasitələrindən istifadəyə daha çox üstünlük verilir”, – deyən Məmməd Qəribov vurğulayıb ki, tədrisin keyfiyyətinin yüksəldilməsi və mütəxəssislərə lazımi metodiki kömək edilməsi məqsədilə nümunə dərslərin təşkili diqqətdə saxlanılır. Müdavimlərin nəzəri biliklərlə yanaşı, istehsalat bacarığının formalaşması üçün praktik dərslər emalatxanalarda tədris olunur.

Nazir qeyd edib ki, hazırda muxtar respublikada 5 peşə təhsili müəssisəsi – Naxçıvan, Şərur və Ordubad şəhərlərində Texniki Peşə və Sürücülük Məktəb kompleksləri, Naxçıvan şəhərində Peşə Liseyi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Regional Peşə Tədris Mərkəzi fəaliyyət göstərir. Bu təhsil müəssisələri ən yeni texnologiyalarla təchiz olunub, emalatxanalar yaradılıb. Məktəblərə elektron lövhələr, kompüter dəstləri verilib. Bütün bunlar adıçəkilən təhsil ocaqlarında oxuyan gənclərin öz peşələrinə dərindən yiyələnmələrinə imkan yaradır. Təhsilini başa vuran müdavimlərin işlə təminatı da diqqət mərkəzində saxlanılır.

Seminarda Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin “Azərbaycanda peşə təhsili və təlimi üzrə strateji yol xəritəsi çərçivəsində cari və planlaşdırılmış fəaliyyətlər”, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsinin rəhbəri Herman Sonneveldin və layihənin baş eksperti Aleksander Siboninin “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində cari və planlaşdırılmış fəaliyyətlər”, Avropa Təlim Fondunun Əməliyyatlar şöbəsinin müdiri Anastasiya Fetsinin “Peşə təhsili və təliminin potensialı: düzgün bacarıqlar və yaxşı imkanlarla yenilik və rəqabətədavamlılıq” və fondun Azərbaycandakı səlahiyyətli nümayəndəsi Marqareta Nikolovskanın “Üzv dövlətlər və peşə təhsili və təlimində Turin prosesinin rolu” mövzularında məruzələri dinlənilib.

Məruzələrdən sonra müzakirələr aparılıb.

Seminar başa çatdıqdan sonra Naxçıvan şəhər Peşə Liseyinin fəaliyyəti ilə tanışlıq olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: