NDU-da bir ilk: Əcnəbi tələbələr üçün Azərbaycan dili dərsliyi hazırlanıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kitabın təqdimat mərasimində universitetin rektoru Elbrus İsayev ölkə üzrə əcnəbi tələbələrin sayına görə öncüllüyünü qoruyan ali təhsil ocağında xarici tələbələr üçün yaradılan şəraitdən danışıb. Qeyd edilib ki, muxtar respublikada tolerant mühitin formalaşması, xarici vətəndaşlara xüsusi diqqətlə yanaşmanın, multikultural dəyərlərin təbliğ olunması nəticəsində əcnəbi tələbələrin sayı hər il artır. Rektor bildirib ki, ilk dəfə olaraq Naxçıvan Dövlət Universiteti “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi Nicat Yaqubov və “İngilis dili və tərcümə” kafedrasının dissertantı Rəcəb Cəfərlinin həmmüəllifi olduqları dərslik əcnəbi tələbələrin Azərbaycan dilini müasir tələblərə uyğun şəkildə öyrənməsi məqsədilə hazırlanıb. Diqqətə çatdırılıb ki, təqdim edilən dərs vəsaiti doğma dilimizin əcnəbilərə öyrədilməsi işinə xidmət edən ilk və müasir dərs kitabıdır.
Qeyd olunub ki, “Salam”, “Harada?”, “Nə edirsən?”, “Mənim həyatım”, “Zaman, ətraf mühit və biz” olmaqla 5 bölmə və 29 yarımbaşlıqdan ibarət olan kitabda hər bir bölmə öz növbəsində 30-a yaxın dərsi ehtiva edir. Dərslərdə oxu, şifahi nitq və qrammatika olmaqla hissələrin hər birində mövzuya aid tapşırıqlar verilib. Kitabda doğma dilimizin qrammatikası ilə bağlı çalışmalar verilib, bu əsnada danışıq və yazma vərdişləri aşılanıb və bu konteksdə əcnəbi tələbələr özlərini “Nələr öyrəndik?” sualı ilə test edir və qiymətləndirir.
“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi, müəllif Nicat Yaqubov dərsliyin nəşr olunmasında göstərilən diqqət üçün minnətdarlığını ifadə edib və diqqətə çatdırılıb ki, gələcəkdə dərsliyin A, B, C səviyyələri üzrə hazırlanması nəzərdə tutulur. Sonda tələbələrə kitablar hədiyyə olunub.
Fəxriyyə Səyyadova