Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə bağlı keçirilmiş interaktiv dərs 200-dən çox ümumtəhsil məktəbində izlənildi - FOTOLAR
Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Zəfər tarixi” dərsliyi əsasında keçirilən və Xatirə Muzeyindən təqdim olunan interaktiv dərsi AMEA Naxçıvan Bölməsinin əməkdaşı Emin Şıxəliyev aparıb. Emin Şıxəliyev qələbə qazandığımız 44 günlük Vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri Ermənistanın 30 il ərzində qurduğu nəhəng, keçilməz sanılan istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Dünyanın 50 ən güclü silahlı qüvvəsi sırasında yer alan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən işğalçı Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədilər. Bu hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz mənfur düşmənin layiqli cavabını verdilər.
Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 8 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Bu inamlı tarixi qələbədə, 44 günlük zəfər yürüşündə Naxçıvandan cəbhəyə yollanan hərbi qulluqçuların xüsusi əməyi olub, onlar əsl qəhrəmanlıq nümayiş etdiriblər. Döyüş meydanlarında böyük şücaət göstərən igid əsgər və zabitlərimiz Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə orden və medallara layiq görülüblər.
İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbində izlənilib.