Dövlət İmtahan Mərkəzi (DIM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 28-dən sentyabrın 3-dək internet vasitəsilə ixtisas seçimi elan edir.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, orta ixtisas təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı isə 10-dan az olmayan abituriyentlər buraxılırlar. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) qazandıqları nəticələr əsasında iştirak edirlər.
İmtahan nəticələrinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak hüququ yoxdur.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 linkindəki “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.
Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.