NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirilib.
Muzeyin direktoru Aləmzər İbrahimova bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirib və bu siyasətin davamı kimi, bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında mütəfəkkir şairimizin irsini geniş təbliğ edən silsilə tədbirlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Nəzakət İsmayılova və İnstitutun İncəsənət kafedrasının müdiri Həbibə Allahverdiyeva çıxışlarında dahi şairin həyat və yaradıcılığından söz açıblar.
Sonra Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri Nizami Gəncəvinin əsərlərindən seçdikləri parçaları bədii qiraət ediblər.
Tədbir dahi şairin yaradıcılığına həsr olunan sərgiyə baxışla başa çatıb.
Hafizə Əliyeva