Ali təhsil ocağında Zəfər Günü münasibətilə konsert proqramı təşkil edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Konservatoriyası və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Heydər Əliyev Sarayında Zəfər Gününə həsr olunan konsert proqramı təşkil edilib.
Simfonik Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti, siyasi səriştəsi, ordumuzun döyüş əzmi, qüdrəti və xalqımızın sarsılmaz iradəsi sayəsində qazandığımız qələbədən bir il ötür. "Qürur və fəxarət dolu, qələbə ruhlu 44 günə şahidlik etdiyimiz üçün çox xoşbəxtik",- deyən Elbrus İsayev qazandığımız qələbənin bir ili münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Sonra ali təhsil ocağının Konservatoriyası və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrindən ibarət simfonik orkestrin təqdimatında vətənpərvərlik mahnıları ifa edilib.
Konsertdə görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyov və Oqtay Zülfüqarovun “Üvertüra”ları, Müslüm Maqomayevin “Azərbaycan”, “Odlar ölkəsi”, “Aslan şahın ariyası”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Bəhram Nəsibovun “Qarabağ”, Rauf Məmmədovun “Yaşa mənim xalqım”, Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə” mahnıları, Konservatoriya və Musiqi Kollecinin birləşmiş xor kollektivlərinin ifasında Qara Qarayevin “Xoşbəxtlik kantatası” və Naxçıvan Musiqi kollecinin rəqs qrupunun ifasında Eldar Mansurovun “Odlar yurdu” rəqsi tamaşaçılar tərəfindən böyük coşğu və qələbə sevinci ilə qarşılanıb.
Qeyd edək ki, 140 nəfərdən ibarət orkestrə rəhbərlik edən və konsertin dirijoru Azərbaycan Respublikasının Xalq artisti, universitetin professoru Çingiz Axundov, bədii rəhbəri ali təhsil ocağının müəllimi Ülvi Əhmədov olub.
Səadət Əliyeva