Hindistan ərazisində tapılmış kontinental dağ süxurlarının qədim yataqlarını tədqiq edən alimlər bu qənaətə gəliblər ki, Yer üzündə ilk quru ərazi təqribən 3,3 milyard il əvvəl yaranıb. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Sinqbum kratonu süxurlarının tədqiqinin nəticələrinə əsasən, qurunun bu hissəsi atmosferlə təqribən 3,3-3,2 milyard il əvvəl təmasda olmağa başlayıb. Yerin təki bir neçə təbəqədən ibarətdir: bərk yer qabığı, mantiya və nüvə. Yer qabığı bir neçə nəhəng fraqmentə - mantiyanın səthi üzrə yavaş sürətlə “üzən” və bir-biri ilə toqquşan tektonik plitələrə bölünür. Bu cür toqquşmalar nəticəsində qitələr, dağ silsiləsi və digər nəhəng qeyri-bərabər relyef formaları meydana gəlir və yox olur. Son illər alimlər bu plitələrin hərəkətinin nə vaxt başladığı və Yer üzündə ilk qitələrin nə zaman yaranması barədə fəal diskussiya aparırlar. Yerin ilk quru səthinin nə zaman meydana gəlməsi məsələsi heç də az mübahisə doğurmur. Quru ərazilərin meydana gəlməsi atmosfer və hidrosfer arasında qaz mübadiləsini köklü dəyişib, həmçinin həyatın təkamülündə vacib rol oynayıb.
Dehli Universitetindən Subam Mukercinin rəhbərliyi ilə geoloqların yeni tədqiqatı bu suala cavab vermək imkanı yaradıb. Onlar Sinqbum kratonunun süxurlarını tədqiq ediblər. Kraton Yer üzündə artıq bir neçə milyard il ərzində mövcud olan qədim tektonik plitələrin sabit hissələridir. Sinqbum kratonu həm dəniz, həm də quru süxurları ilə zəngindir. Alimlər güman edirlər ki, orada planetin ən qədim torpaq nümunələri ola bilər. Subam Mukerci və onun həmkarları bu kratondan süxur nümunələrinin yaranma tarixini öyrənməyə çalışıblar. Məlum olub ki, dəniz süxurlarının son təbəqəsinin və ən qədim “quru” yataqlarının yaşı təqribən 3,3-3,2 milyard il təşkil edir. Bu, onları Yer üzündə müvafiq qəbildən olan ən qədim süxur edir və göstərir ki, ilk qitələr okeanın dibindən azı 3,3 milyard il əvvəl qalxmağa başlayıb. 3,5-3,1 milyard il əvvəl yaranmış süxurların tərkibinin analizi göstərir ki, Yer qabığının gələcək qitəsinin qalınlığında başlanan sürətlə genişlənmə bu hadisənin səbəbi olub. Alimlərin sözlərinə görə, onun sürətlə böyüməsi həmin dövrdə planetin təkində yaranan maqmanın tərkibində baş verən kəskin dəyişikliklə bağlı olub. Geoloqlar ümid edirlər ki, ən qədim süxur nümunələrinin növbəti tədqiqi bu nəzəriyyəni təsdiqləməyə kömək edəcək.