NDU-da stomatoloqlar üçün yeni kitablar təqdim olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində yeni dərs vəsaitlərinin təqdimatı keçirilib.
Professor Nazim Pənahov, Hənifə Musayeva və dosent Rauf Cəfərovun həmmüəllif olduğu “Prosthodontics” dərsliyi, dosent Elnur İmanov və dosent Rauf Cəfərovun həmmüəllif olduğu “Stomatoloji xəstəliklərin profilaktikasının əsasları” dərs vəsaitinin təqdimat tədbirində universitetin rektoru Elbrus İsayev oxuculara təqdim edilən kitabların stomatologiya ixtisasının tədrisi sahəsində olan boşluğu aradan qaldıracağını vurğulayıb. Rektor hər iki universitetin gənc həkim-stomatoloqları, rezident və tələbələrinin faydalana biləcəyi kitabların müasir tədrisin tələblərinə uyğun, nəfis şəkildə tərtibatına görə müəllifləri təbrik edib, onlara yeni elmi uğurlar arzulayıb.
Azərbaycan Tibb Universitetinin “Ortopedik stomatologiya” kafedrasının müdiri, tibb elmləri doktoru, professor, əməkdar həkim, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş stomatoloqu Nazim Pənahov qeyd edib ki, 21 fəsildən ibarət “Ortopedik stomatologiya: Dişlərin morfologiyası və oyma texnikası” dərsliyi 7 kitab halında rus və ingilis dili olmaqla 2 dildə nəşr olunub. Dərslik fərqli tərzdə tərtib edilərək 728 rəsm və fotolarla müşayiət edilən informativlik üslubunda yazılıb. Professor kitabdakı fəsillər haqqında detalları slayd vasitəsilə təqdim edib.
Tədbirə onlayn qoşulan Azərbaycan Tibb Universitetinin “Uşaq stomatologiyası” kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru “Stomatoloji xəstəliklərin profilaktikasının əsasları” dərs vəsaitinin həmmüəllifi Elnur İmanov stomatologiyanın geniş yayılan xəstəliklərindən danışaraq kitabda bu sahənin ən aktual məsələrinin yer aldığını diqqətə çatdırıb. Qeyd edilib ki, 8 fəsildən ibarət olan dərs vəsaitində stomatoloji xəstəliklərin müasir müalicə və profilaktikası, hamilə qadınlar, uşaqlar və yeniyetmələrdə və yaşlılar arasında profilaktik tədbirlərin keçirilmə xüsusiyyətləri, stomatoloji müayinələrdə istifadə olunan üsullar, ağızın gigiyenası və bir çox mövzulara ətraflı izah verilib.
Təqdimatı keçirilən kitabların həmmüəllifi, Naxçıvan Dövlət Universitetinin “Stomatologiya” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov dərsliklərin rus və ingilis dilində hazırlanmasının hər iki universitetdə təhsil alan əcnəbi tələbələr üçün müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdıraraq kitabın nəşr olunmasında göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Tədbirdə çıxış edənlər kitablar barədə fikirlərini bildirib və müəlliflərə uğurlar arzulayıblar.
Sonda müəlliflər oxuculara kitabları hədiyyə ediblər.
Qeyd edək ki, professor Nazim Pənahov universitetə səfəri çərçivəsində Tibb fakültəsinin “Stomatologiya” ixtisasında təhsil alan tələbələrə “Stomatologiyanının müasir problemləri” mövzusunda ustad dərsi də keçib.
Fəxriyyə Səyyadova