Naxçıvan şəhərində yerləşən Gənclər Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyun keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda ali və orta ixtisas təhsili müəssisələrinin 6 komandasından, ümumilikdə, 30 tələbə öz biliyini sınayıb.
Müxtəlif mövzularda 24 sualın səsləndirildiyi yarış 2 turdan ibarət olub. Hər düzgün cavab 1 xalla qiymətləndirilib.
Naxçıvan Dövlət Universitetinin “Günnüt” komandası 16 xalla qalib olub. Naxçıvan Müəllimlər İnstitutunun “Murov Qartalı” komandası 12 xalla ikinci, Naxçıvan Musiqi Kollecinin “Harmoniya” komandası isə 8 xalla üçüncü yeri qazanıb.
Qeyd edək ki, yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə keçirilib.