NMİ-də gənc tədqiqatçılar üçün təlim kursuna start verilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin doktorantları və gənc müəllim-tədqiqatçıların iştirak etdiyi kursun açılış tədbirində Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov və “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva çıxış ediblər. Vurğulanıb ki, təlim kursunun keçirilməsinin məqsədi dinləyicilərdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirilməsi, nəzəri və tətbiqi istiqamətlərdə tədqiqat səriştələrinin formalaşdırılmasıdır. Təlim kursunun razılaşdırılmış tematik plan əsasında həyata keçirilməsi hər iki ali təhsil ocağının magistrant, doktorant və gənc müəllim-tədqiqatçılarının elmi-tədqiqat işləri barədə bütöv təsəvvürünün yaradılmasına, elmi idrakın nəzəri və təcrübi metodları, elmi-tədqiqat fəaliyyətinin fərdi planlaşdırılması alqoritmi haqqında təsəvvürlərin aktuallaşdırılmasına, həmçinin elmi-tədqiqat işlərinin həyata keçirilməsi hazırlığının artırılmasına kömək edəcəkdir.

Sonra Naxçıvan Müəllimlər İnstitutunun elmi katibi dosent Qurban Qurbanlının “Elmin məqsədi, predmeti, əsas funksiyaları. Elmlərin təsnifatı” mövzusunda və “Naxçıvan” Universitetinin elmi katibi dosent Əli Həşimlinin “Elmi-tədqiqat metodları: ümumelmi və xüsusi tədqiqat metodları” mövzularında təqdimatları əsasında ilk təlimlər keçirilib.

Qeyd edək ki, 6 gün davam edəcək kurs müddətində “Elmi tədqiqatın aparılması mərhələləri”, “Elmi tədqiqatın nəticələrinin təqdimatı”, “Elmi üslubun əsas janrları”, “Elmi məruzə: hazırlanması və təqdimatı”, “Monoqrafiya elmi mətnlərin əsas janrlarından biri kimi”, “Dissertasiyaya və avtoreferata verilən tələblər” və digər mövzularda təlimlərin keçirilməsi planlaşdırılıb.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: