44 günlük zəfər salnaməsi gənclərin gözündə və ya keçmişlə bu günün Şuşa görüşü - Söz tələbə jurnalistlərindir

A- A A+

Adım İlhamdır, Xan baba!

Sübh çağı idi. Günəşin şəfəqləri torpağın üzərini yenicə aydınladırdı.  Uzaqdan əzəmətli bir qala görünürdü. Günəşin ilıq şəfəqləri qalanın soyuq daşlarının hərarətini yavaş-yavaş artırırdı.   Qalanın hündür bürcləri alatoranlıqda qızarmış topa buludların köksünə sancılan qılınca bənzəyirdi. Əynində uzun  çuxa, başında buxara papaq, ayaqlarında qızılı sapla işlənmiş çəkmə və əlində parıldayan qılınc tutmuş Xan baba qalanın ən yüksək bürcünə baxırdı. Özündən sonra bu qalanı, bu müqəddəs torpağı özü kimi igid ərənlərə, öz qanından olan türk oğlu türklərə əmanət etmişdi. Neçə illər bu bərəkətli, müqəddəs torpaqlarda təkcə türklər deyil, digər xalqlar da barış içində yaşamışdı. Xan baba hamısını təhlükələrdən qorumuşdu. Ancaq nə bilərdi ki, əsl təhlükə hər gün qoruduğu şəxslər imiş...

Xan baba bu fani dünyadan köçəndən sonra belə qanı, canı ilə bağlı olduğu bu torpağı sanki ruhu ilə qorumuşdu. Tez-tez əzəmətli Şuşa qalasının ən yüksək bürcündə dayanar və uzaq üfüqlərə qədər Vətəni seyr  edərdi. Bir gün isə Xan babanın qarşılaşdığı mənzərə sanki onun ruhunu qocaltdı. Dünən azad qoyub getdiyi əzəmətli qalada artıq düşmənlər at oynadırdı. Xan baba bir anlıq utandı əzəmətli qalanın bürclərinə baxmağa. Sanki  göylərə meydan oxuyan o bürclərinin də boynu bükülmüşdü. Bu nə dəhşət idi, İlahi? Bu nə zülm idi? Xan babanın, onun nəvə-nəticələrinin yurd-yuvası yad əllərdə qalmışdı. O dəhşətli 8 may tarixindən sonra 28 il idi ki, Xan babanın susqun ruhu hər gün buranı ziyarət edirdi.

Xan baba bu gün nədənsə özünü bir qədər fərqli hiss edirdi. Hər gün eyni saatda bu mənzərəyə tamaşa edər, köksünü ötürər, qəlbindəki sızıltı ilə ayrılıb gedərdi. Ancaq bu gün çox fərqli idi. İçində qəribə bir hiss vardı, sanki bir az sevinc, bir az da qürur... Hər gün ona boynu bükülü baxan qalanın bürcləri bu gün yenə də ən yüksək buludlara sancılmışdı. Yan-yana qürurla dayanmışdılar.  Bu nədir belə? Qalada dolanan ruhlar da  doğma idi. Bu nə idi? Axı 30 ildir buraya Xan babadan başqa gələn yox idi... Xan babanın qulaqlarına səslər gəlirdi. Bu səslərin içindən nəhayət ki, "Övladların gəlib, Pənahəli xan!" cümləsini aydın eşidə bildi. Necə həsrətində idi bu kəlmənin. Gözlərində alov yandı Xan babanın. Qılıncını qınından çıxardıb diqqətlə ona baxdı. Parıltılı polad tiyəsində öz əksini gördü.  Bu qılınc 300 ilə yaxın idi ki, ona yoldaşlıq edirdi. Bütün zəfərləri bu parlaq qılıncla qazanmışdı. 300 illik bir tarixdə bu zəfər qılıncını hələ heç kim Xan babadan ala bilməmişdi. Deyəsən qılıncın sahibinin əsl varisləri gəlirdi. Budur hərbi geyimdə qürurla, pələng yerişi ilə bir nəfər Xan babanın yanına çatır. Ucaboylu bu igidin hər addımında qürur, fəxarət hiss olunurdu. Üzündəki təbəssümlə Xan babaya yaxınlaşdı, onun parlaq qılıncına baxaraq əlini qılıncın zümrüd, yaqut qaşlarla işlənmiş dəstəyinə toxundurdu. Xan baba onun çiyinlərindən tutdu, yaşadığı sevincdən sonra öz gözlərində parlayan alovun onun da gözlərində yandığını gördü:

–Sən kimsən, oğul? Uzun illərdir hətta quşların qonmadığı bu zirvələrdə, bürclərdə yaşayan mənim ruhumu, əzəmətli qalamı xilas etməyəmi gəldin? Söylə mənə, igid, adın nədir?

–Adım İlhamdır, Xan baba. Səni və qalanı heç unutmadıq, ona görə də öz cəsur qoşunumla, qorxmaz övladlarımla səni və əzəmətli qalamızı xilas etməyə gəldik. Biz bunu bacardıq, Xan baba. Sən və Şuşa artıq azadsınız! Gəl onların sevincinə sən də şərik ol,  Xan baba.

Hər gün həsrətlə seyr etdiyi bürcdən bu gün zəfərə baxdı Xan baba. Çöldə səf-səf düzülən on minlərlə igid əsgər əlində silah və üçrəngli bayraq tutmuşdu. Xan baba bu bayrağı yaxşı tanıyırdı. Bu gün yenə burda idi bu bayraq. Xan babanın diqqətini ən ön sıralarda ağappaq geyinmiş 3000-ə yaxın igid çəkdi. Aralarında bir zərif qız da var idi. Onların sinəsinin üzərində xarıbülbül çiçək açmışdı.  Onunla eyni mənzərəyə tamaşa edən müzəffər sərkərdəyə baxdı və dedi:

–Onların məqamı mənə çox yaxşı tanışdı. Bu bəyazlıqdan doğan zəfərin sevinci onların üzündəki nura qarışanda Vətən göylərində azadlıq bərq vurur.

–Bəli, onlar bu zəfərin ən yüksək məqamına yüksələn igidlərdir. Qan töküb, torpağı düşməndən təmizləyən övladlarımızdır. Onlar Sənin yanında qalmaq, əbədi ruhları ilə Xan babanın ordusuna dönüb Qarabağımızı qorumaq istədilər. Onları sənə əmanət edirəm, Xan baba.

Xan baba əlində tutduğu parlaq qılınca diqqətlə baxıb dedi: “300 ildir ki, bu qılınc əsl varisini gözləyir. Bu qılıncın əsl sahibi tarixdə ən böyük qələbə çalmış igiddir. Bu qılınc müzəffər sərkərdələrdə qalmalıdır, oğul. Sən də müzəffərsən, qılınc sənindir!”

Qalib sərkərdə köksünü ötürdü, qılıncı əlinə aldı. Qınından çıxardıqdan sonra günəş şüalarında bərq vuran poladüzlü qılıncda böyük zəfərin - 44 gününün hər anı yenidən canlandı...

II hissə

 27 sentyabr 2020-ci il – Böyük qayıdışın başlanğıcı…

Bu gün hər zaman olduğu kimi günəş Azərbaycanda ən yüksəkdə doğmuşdu. Azərbaycan xalqı üçün adi bazar günlərindən biri idi. Lakin saatlar irəli getdikcə, gün boyu yayılan xəbər bütün ölkəni bürümüşdü. Günəş qüruba doğru getdikcə günün məğzi də dəyişməyə başladı. Əslində, bu gün keçmişin ağrılı izlərinin silindiyi, gələcəyin müqəddəs zəfərlərinin yazılacağı gün idi. Bu gün 30 il sonra Azərbaycan xalqının dəmir yumruq olub düşmənin başına enəcəyi günlərin müjdəçisi idi…

...Mərmi səsləri, barıt qoxusu hər yeri ağuşuna almışdı. Bəzən külək barıt qoxusu ilə birlikdə qan qoxusu da gətirirdi... Havada  savaş qoxusu vardı.  Bu qoxu ovlarını ələ keçirməyə can atan Boz qurd övladlarını daha da qızışdırırdı. Onlar bu qan qoxusu ilə böyümüş, gün gəldikdə qisaslarını almaq üçün tam hazır idilər. O gün isə gəlib çatmışdı. Bu gündən etibarən 44 gün boyunca onlar düşmənə qan udduracaq, yağını atdığı addımlara görə peşman edəcək və zəfər çalacaqdılar.

...44 günün hər birində minlərlə kvadrat kilometrlik ərazilərimiz azad edildi. Torpaqlarımızı qarış-qarış geri aldıq, addım-addım irəlilədik və dünyaya səs salacaq zəfər çaldıq. 44 gün ərzində nələrə şahid olmadı ki xalqımız? Bir gündə iki övladını birdən itirən ataları, on gün əvvəl oğlunu şəhid verən ananın bu gün digər şəhid anasına təsəlli verməsini, həyat yoldaşının üçrəngli bayrağa bürünmüş tabutunu çiyni üzərində daşıyan xanımları, dünyaya gəldiyi gün atasını itirən körpələri, şəhid olmasını anasının yuxusuna girib müjdələyən igidləri gördü bu xalqın qanlı göz yaşı ilə sevinci bir birinə qarışan gözləri. Humanitar atəşkəs elan olunduqdan sonra belə mənfurcasına raket zərbələrinə məruz qalmış şəhərləri, sabah ad günü olacağının sevinci ilə yuxuya gedib bir də heç vaxt oyanmayan qızcığazları, sülh rəmzi olan göyərçinlərin düşmən zərbələrindən məhv olmasını gördü. Bunları görən, yaşayan bir xalq, əlbəttə, hər şeyi nəzərə almışdı, bilirdi ki, qalibiyyət üçün bunlar olacaq. Hər şeyə hazır idi, təki 30 illik həsrət bitsin, qan töksələr, can versələr belə geri qaytarsınlar ana Vətənin illərdir əsir torpaqlarını. Bu xalqın, millətin fəxr ediləsi xüsusiyyəti də elə budur: Vətən torpağını canından  çox sevir. Ondan düşmənə pay verməz. Bu qandan, qadadan bezmiş, düşmənə nifrət, sabaha inam və zəfər dolu, qələbə üçün alovlanan gözlər postunu qoyub qaçan düşmən əsgərini, onları irəli göndərib özü arxada gizlənən düşmən komandirini, oğullarının yad torpaqlarda boşuna məhv olacaqlarını fəryad edən düşmən qadınlarını da gördü.

Bu xalq Müzəffər Ali Baş Komandanının qürurla işğaldan azad edilmiş ərazilərin adını açıqlamasını hər gün eşitdi. Hər gün neçə-neçə igid  əsgərin qəhrəmanlıq dastanı yazdığını öyrəndi. Daha nələr görmədi, nələr eşitmədi, nələr yaşamadı ki?  Bu gözlər Qarabağın işğaldan azad olunmasına şahid oldu!  19 yaşında gənc tələbə qızın 29 yaşlı gəncin – müstəqil Azərbaycanın qələbəsinə şahidlik etməsi qədər qürurlu nə ola bilər ki?

P.S. İndi 300 illik bir tarixdə ən böyük qələbəyə şahidlik edən Xan babanın  qılıncı Şuşa qalası üzərində, müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanının dəmir yumruğa dönən əlindədir. Günəş işığında bərq vuran poladağızlı qılıncı başı üzərinə qaldırıb igidlərinə qürurla, təbəssümlə baxan Ali Sərkərdə 30 ildən sonra böyük iftixarla dünyaya  bəyan edirdi:

–Şuşa, sən azadsan! Qarabağ Azərbaycandır!

Aytəkin Abbaslı

Naxçıvan Dövlət Universiteti, İqtisadiyyat və idarəetmə fakültəsi, İqtisadiyyat ixtisası üzrə III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: