Naxçıvan Dövlət Universitetinin rektoru “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüşüb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Universitet Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan görüşdə rektor Elbrus İsayev ali təhsil ocağında fəaliyyət göstərən tələbə təşkilatlarının işini yüksək qiymətləndirib. Qeyd edilib ki, tələbələrin universitetin elmi və tədris göstəricilərinin irəliləməsində xüsusi rolu var. Bildirilib ki, tələbə təşkilatlarının fəaliyyəti nəticəsində tələbələr respublikada keçirilən idman yarışları, intellektual oyunlar, hüquq və məntiq olimpiadaları, seminarlar, müxtəlif istiqamətli müsabiqələr, beynəlxalq əhəmiyyətli yarışlarda universiteti layiqincə təmsil edir və nailiyyət əldə edirlər. Rektor fakültə tələbə təşkilatlarının işini dəyərləndirərək onların təşəbbüsü ilə keçirilən layihələrin və tədbirlərin davamlı hal aldığını diqqətə çatdırıb.
Tələbələrlə dərslərdə, auditoriyalarda, müxtəlif tədbirlərdə mütəmadi olaraq görüşlərin keçirildiyini deyən Elbrus İsayev universitetin rəsmi internet saytında (ndu.edu.az) “Rektora müraciət” bölməsi üzərindən də şikayət və təkliflərin qəbul edildiyini diqqətə çatdırıb.
Sonra hər fakültə üzrə tələbələr kollokvium, imtahan, seminar və mühazirələrin keçirilməsi, kredit sistemi, dərs vəsaitləri və onları maraqlandıran mövzularda təklif və şikayətlərini rektora ünvanlayıb və suallar ətraflı şəkildə cavablandırılıb.
Fəxriyyə Səyyadova