Şair Xanəli Kərimlinin tələbələrlə yubiley görüşü keçirilib - FOTOLAR
“Naxçıvan” Universitetində filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Xanəli Kərimlinin 70 illik yubileyi ərəfəsində tələbələrlə görüşü təşkil olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə universitetin rektoru, dosent Nurlana Əliyeva filologiya üzrə fəlsəfə dostoru, dosent, şair Xanəli Kərimlinin səmərəli elmi-ədəbi və pedaqoji fəaliyyətindən danışıb.
“Naxçıvanın yeni mənzərəsini, zəngin tarixini özünəməxsus qələmi ilə nəzmə çəkməyi bacaran Xanəli Kərimli çağdaş Azərbaycan poeziyasının istedadlı nümayəndələrindəndir. Əməkdar müəllim bir sıra elmi, ictimai və publisist məqalələrin, “Ay işığında”, “Anamdan məktub”, “Bu da bir nağıldı…”, “Mənə elə gəlir ki…”, “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır”, “Payız Duyğuları” kimi şeir kitablarının müəllifidir”,-deyə rektor bildirib.
Qeyd olunub ki, şairin onuncu kitabı, 70 illik yubileyinə həsr etdiyi “Tanrı müjdəsi” də artıq oxucuların ixtiyarına verilib.
“Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, dosent Nüşabə Məmmədova, professor Sədaqət Həsənova və dosent İman Cəfərli universitetin baş müəllimi, dosent Arifə Zeynallı yubilyar haqqındakı xatirələrini bölüşüb.
Görüşdə tələbələr Xanəli Kərimlinin şeirlərini səsləndiriblər.
Şair Xanəli Kərimli əməyinə və yaradıcılığına verilən qiymətə görə minnətdarlığını bildirib.
Sonda “Naxçıvan” Universitetinin kollektivi adından əməkdar müəllim, şair Xanəli Kərimliyə yubiley hədiyyəsi təqdim edilib.
Aynur Əliyeva