Koronavirus, koronafobiya sözləri Azərbaycan dilinin yeni orfoepiya lüğətinə salınacaq

A- A A+

"Azərbaycan dilinin yeni orfoepiya lüğətinin hazırlanması ilə bağlı işlər davam etdirilir".

Bunu NUHÇIXAN İnformasiya Agentliyinə açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri İsmayıl Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin yeni orfoepiya lüğəti bu il təsdiq edilmiş “Azərbaycan dilinin orfoepiya normaları” əsasında tərtib ediləcək.

Şöbə müdiri bildirib ki, ötən il lüğətin hazırlanması ilə bağlı AMEA-da müvafiq İşçi Qrupu yaradılıb və həmin qrup tərəfindən bu istiqamətdə işlər aparılır: "Lüğətin hazırlanması ilə bağlı işlər müxtəlif istiqamətlərdə bölüşdürülüb. Gələn ilin may ayına qədər lüğətin hazır olacağı proqnozlaşdırılır. Amma həyata keçirilən işlərin miqyasından asılı olaraq dəqiq tarixi demək çətindir".

Bir qayda olaraq yalnız yazılışı ilə deyilişi fərqlənən sözlərin lüğətə daxil edildiyini bildirən şöbə müdiri vurğulayıb ki, orfoepiya lüğətində son illər ərzində Azərbaycan dilinə daxil olan yeni sözlərin hamısı yer alacaq: "Lüğət çapa gedənə qədər bütün yeni sözlər əlavə olunacaq. Misal üçün, koronavirus, koronafobiya, koronaviruslu və koronavirussuz sözlərinin də düzgün tələffüz qaydası lüğətdə öz əksini tapacaq. Eləcə də bu sıraya videobloger, vatsap, feysbuk, yutub, bayraqdar və s. kimi sözlər də daxildir".

Qeyd edək ki, “Azərbaycan dilinin orfoepiya normaları” bu ilin iyun ayında təsdiq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: