STEAM təhsili üzrə təlimləri uğurla başa vuran 75 müəllimə sertifikatlar verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzində keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin bu gün muxtar respublikada uğurla tətbiq edildiyini vurğulayıb.
Rəhman Məmmədov STEAM təhsil metodunun uğurlu tətbiqi üçün müəllim kadrların hazırlanmasının əhəmiyyəti ilə bağlı qeyd edib ki, yaradıcı yeni nəslin formalaşmasına öz töhfəsini verən STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı ixtisaslaşmış kadrlar tələb edir. Bu məqsədlə Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək 175-i bu Mərkəzdə, 150-si isə onlayn qaydada olmaqla 325 müəllim təlimlərdən yararlanıb. Bu təlimlərin nəticəsi olaraq onlarda STEAM dərsləri tədris etmək bacarığı formalaşıb. Təhsil naziri təlimləri uğurla başa vuran müəllimləri təbrik edib, STEAM Tədris Mərkəzində təlimlərin bundan sonra da davam etdirilməsi ilə bağlı tapşırıqlar verib.
Sonda STEAM təhsil metodu üzrə təşkil olunan təlimi uğurla başa vuran müəllimlərə Təhsil Nazirliyinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, STEAM təhsilinin muxtar respublikada tətbiqinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı hər il “STEAM təhsil festivalı” keçiriləcəkdir. Sərəncamın icrası ilə bağlı 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, hazırda da əlavə olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində işlər görülür.