Muxtar respublikada dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə işə qəbul üçün test imtahanları keçirilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Mərkəz tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə - psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.

Müsabiqəyə müraciət etmiş 227 namizəd 89 vakant vəzifənin tutulması üçün biliklərini yoxlayacaq. Vakansiyalar üzrə ən çox müraciət edən namizədlər kitabxana müdiri (125), uşaq birliyi təşkilatının rəhbəri (31) və psixoloq (29) vəzifələri üzrə olub. Şərur (67), Babək (56) və Culfa (36) rayonları müraciət edənlərin sıxlığına görə öndə dayanır.

Müsabiqədə hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir. Qanunvericiliyə əsasən keçid balını yığmaqla ən yüksək nəticə göstərmiş şəxs müvafiq vəzifəyə təyin olunacaq.

Onu da qeyd edək ki, "Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumtəhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında 14 aprel 2018-ci il tarixli qərarına əsasən tərbiyəçi, psiхоlоq, uşaq birliyi təşkilatının rəhbəri, laborant, kitabxana müdiri, kitabхanaçı vəzifələrinə işə qəbul üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.

Test imtahanları noyabrın 30-na qədər davam edəcək.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: