Nizami Gəncəvinin "İskəndərnamə"si: Azərbaycan ədəbiyyatının şərəfnaməsi - İsa Həbibbəyli

182

Böyük Azərbaycan şairi Nizami Gəncəvi ölməz "Xəmsə"sinin hər pilləsini həyat və sənət nərdivanı kimi qalxaraq görkəmli mütəfəkkir səviyyəsinə yüksəlmişdir. Dahi şairin lirikası onun zəngin poeziyasının romantik qanadları funksiyasını həyata keçirir. "Sirlər xəzinəsi" poeması ictimai mahiyyətinə görə Nizami Gəncəvinin dərin hikmət xəzinəsidir. "Sirlər xəzinəsi" poeması həm də şairin proqram əsəridir. Nizami Gəncəvi bütün yaradıcılığı boyu "Sirlər xəzinəsi"ndə qaldırdığı problemləri müxtəlif həyat hadisələrinin cəlbedici süjetlərin və bir-birindən fərqli obrazların vasitəsilə canlandırmaqla yeni əsərlər yaratmışdır. "Sirlər xəzinəsi" eyni zamanda həm də mükəmməl sənət xəzinəsidir. Epik cizgiləri olan süjetli lirikadan "Sirlər xəzinəsi" mənzum hekayətlərinə keçid Nizaminin yaradıcılığında sənətkarlıq baxımdan yeni üfüqlər açmışdır. Bütün bunlara görə əslində Nizami Gəncəvinin ömür və sənət dünyası bədii yaradıcılıq aləminin bitib-tükənməz sirlər xəzinəsinə doğru aparan tale yolunun möhtəşəm hekayətidir. "Xosrov və Şirin" poemasında eşqin və ağılın hakimiyyətinin mümkünlüyünü sınaqdan çıxarmış Nizami Gəncəvi insanlığın, ədalətin, mənəvi aləmin, idrakın, fəth edilməsini taxt-tacı saxlamağın çətin və zəruri şərti olması qənaətinə gəlmişdir. "Leyli və Məcnun" poemasında Nizami Gəncəvinin özü də, qəhrəmanları da dərin və ibrətamiz eşq macərası yaşamış, mənəvi təkamülün, ağılın, kamilliyin və sədaqətin əbədiyyətini göz önünə gətirmişdir. Bundan başqa, sənətkarlıq baxımından "Xosrov və Şirin" epik poema, "Leyli və Məcnun" isə mənzum eşq dastanı kimi də Azərbaycan ədəbiyyatı tarixinin nadir hadisələridir.

Dahi şair "Yeddi gözəl" poemasında bir daha eşqin, mənəviyyat dünyasının, ağılın, insanlığın, ədalətin qazanılmasının zərurətini fərqli hadisələrin fonunda təqdim etmişdir. Bəhram şahın dünyanın yeddi iqlimindən gətirilmiş yeddi gözəllə cazibədar söhbətləri sadəcə eşq macərası olmayıb, təsirli şəkildə ifadə olunmuş insanlıq və mənəviyyat dərsləridir. Beləliklə, Nizami Gəncəvinin "Sirlər xəzinəsi"ndən başlanan ağıl, humanizm, ədalət çağırışları özünün əsl ali məqsədinə çatmaq yollarında böyük məsafə qət etmişdir.

Bu mənada "İskəndərnamə" əsəri Nizami Gəncəvinin yaradıcılıq ideyalarının möhtəşəm yekunu, ictimai və bədii cəhətdən böyük məharətlə ümumiləşdirilmiş parlaq nəticəsidir. Nizami Gəncəvinin 1197-1203-cü illərdə yazılmış "İskəndərnamə" poeması böyük sənətkarın zəngin və çoxcəhətli yaradıcılığının zirvəsində dayanır. Bu əsərlə Nizami antik yunan elm və mədəniyyəti ənənələrini yenidən dirçəldərək, ədalət və insanlıq mövzusunu Azərbaycan təfəkkürü, ölkə gerçəklikləri ilə uzlaşdıraraq, geniş miqyasda ədəbi mühitə və bədii əsərə gətirmişdir. Haqlı olaraq deyildiyi kimi, "Nizami Gəncəvi burada ("İskəndərnamə"də - İ.H.) bizim qarşımızda əsl alim və mütəfəkkir kimi çıxış edir. Bu əsərdə o, bütün ömrü boyu onu narahat edən və düşündürən problemləri bir yerə cəmləşdirmişdir. Ona görə də bu poema ağlının bütün qeyri-adi genişliyi və onun böyük ürəyini həmişə yandıran insana alovlu məhəbbəti ilə Nizaminin həqiqi baxışlarını dərk etmək üçün daha çox və əvəzsiz material verir". 

Dahi şair "İskəndərnamə" poemasını yazmaq üçün ədəbi-tarixi mənbələri diqqətlə öyrənmiş, bu böyük şəxsiyyət haqqında pərakəndə halda səpələnmiş məlumatları yaradıcı şəkildə təhlildən keçirərək, mövzunu öz məqsədinə doğru istiqamətləndirmişdir. O, istinad etdiyi elmi və ədəbi əsərlərdən heç birini təkrar etməyərək, "Leyli və Məcnun"da olduğu kimi, məlum motivləri fərqli bir məcraya doğru yönləndirməklə yeni bir ideya-məzmunu meydana qoymuşdur.

Hər köhnə nüsxədən əsas alaraq,

Onu öz şeirimlə bəzədim ancaq.

Ən qədim tarixi əsərlərdən mən,

Yəhudi, nəşrani, pəhləvilərdən

Ən incə sözləri əlimə saldım,

Qabığı ataraq, məczini aldım.

Nizami Gəncəvi öz əsərində hətta İskəndərin həyatı haqqındakı yanlışlıqları da aradan qaldırmışdır. O, İskəndərin guya İran hökmdarı Daranın oğlu olmasına dair ədəbi-tarixi mənbələrdə yayılmış uydurma görüşləri bir kənara qoymuş və onun Yunan hökmdarı Feyləqusun (Filipin) oğlu olduğunu qəti şəkildə göstərmişdir:

Azərpərəst dehqan başqa cür rəvayət edir,

Onun nəslini Daraya bağlayır.

Mən elə ki, tarixləri müqayisə etdim,

Həm də izzədşünas kişinin əsərinə nəzər saldım.

Həm onlarda, həm də bunda doğru söz yoxdur.

Uydurma sözlərin dürüstü yoxdur.

Hər diyarın rəvayətindən

            düz olanı ancaq budur,

Ki, Şəhriyar Feyləqusdan törəmişdir.

 

Nizami Gəncəvi dünya fatehi Makedoniyalı İskəndər surətini özünün humanizm və ədalət ideyalarına uyğun şəkildə mükəmməl şəxsiyyət olaraq yaratmışdır. Bununla belə, şair İskəndərin həyatı və yürüşləri haqqında müxtəlif mənbələrdəki məlumatları da diqqətlə izləmişdir. Nizami İskəndəri ilk növbədə döyüş zamanı əlverişli mövqe seçmək, fövqəladə cəsarət göstərmək, ordunu ruhlandırmaq və inandırmaq bacarıqlarına malik olan sərkərdə kimi təqdim etmişdir. Onun təsvirlərində və təqdimatında İskəndər həm də ayrı-ayrı ölkələrlə sülh danışıqları aparan müdrik siyasətçi, hər yerdə ədalət carçısı olan hökmdar və kamil şəxsiyyət kimi tərənnüm olunmuşdur. Şair, eyni zamanda "İskəndərin qüdrətli sərkərdədən böyük şəxsiyyətə doğru keçdiyi təkamül proseslərini də bütün təbiiliyi ilə təsvir etmişdir.  

Möhtəşəm epopeya olan "İskəndərnamə" Azərbaycan ədəbiyyatında həm də ilk dilogiya kimi diqqəti cəlb edir. Əsərin birinci hissəsi olan "Şərəfnamə"də Makedoniyalı İskəndərin hərbi yürüşlərinin fonunda Nizami Gəncəvinin ədalətli hökmdar və ideal cəmiyyət axtarışlarına dair görüşləri öz əksini tapmışdır.

İskəndərin öz ölkəsini deyil, bütün xalqları və ölkələri də xoşbəxtliyə,  firavanlığa çatdırmaq üçün etdiyi yürüşlər, məharətlə apardığı savaş səhnələri, fəth etdiyi ölkələrdə qurduğu ədalətli həyat tərzi tarixdə yaşamış böyük fatehin tərcümeyi-halından çox, Nizami Gəncəvinin ideallarının təcəssümüdür. Bu mənada İskəndər obrazı rezenyor surət olub. Nizami Gəncəvinin əsərlərində, o cümlədən "İskəndərnamə"də meydana qoyduğu ideyaların qüdrətli daşıyıcısıdır. "Şərəfnamə" Makedoniyaları İskəndərin Avropadan Asiya qitəsinə qədərki hərbi yürüşləri ilə qazandığı şərəfli zəfərlərin təntənəsi fonunda Nizami Gəncəvinin ədalətli hökmdar və ideal cəmiyyət haqqındakı fikirlərini, qənaətlərini və baxışlarını ifadə edir.

"İqbalnamə" hissəsində isə şair mütəfəkkir baxışlara malik dövlət xadimi olan İskəndərdən söz açmışdır. Nizami Gəncəvi "İqbalnamə"də dövlətin idarə olunmasında ağılın elm amilinin və müdrikliyin rolunu ön mövqeyə çəkmişdir. Əsərdə Makedoniyalı İskəndərin dövrünün görkəmli alimləri olan Aristotel, Platon, Hermes,  Bəlinas, Sokrat, Fales, Forfiriyusla söhbətlərinin və məsləhətləşmələrinin təsviri Nizami Gəncəvinin ideal cəmiyyətin formalaşmasında elmin, müdriklik və kamilliyin əhəmiyyətini təsdiq etməyə imkan yaradan fikirlər irəli sürməsinə zəmin hazırlayır.

Təqdim etdiyi elm xadimlərindən hər birinin fikirlərinə hörmətlə yanaşan Nizami Gəncəvi onların baxışlarından özünün mənəvi təmizlənmə, ədalətli idarəetmə və ideal cəmiyyət haqqındakı görüşlərini diqqət mərkəzinə çəkmək üçün bacarıqla istifadə etmişdir. Bununla belə, Nizami antik dövrün görkəmli elm xadimi Aristotelin ideyalarına, onun universal elmi düşüncəyə və uzaqgörənliyə malik olmasına xüsusi rəğbət bəsləmişdir. "İskəndərnamə" poemasında Aristotel Nizami Gəncəvinin təsəvvüründəki ideal müdrik şəxsiyyət modelinin bədiiləşdirilmiş obrazıdır. Fikrimizcə, çoxcəhətli dərin biliklərə malik olmasına, geniş dünyagörüşünə, müdrik fikirlərinə və uzaqgörənliyinə görə Nizami Gəncəvi də Azərbaycanın Aristotelidir.

Qədim yunan elmi və mədəniyyətini yenidən dirçəltməklə qələmə aldığı "İskəndərnamə" poeması ilə Nizami Gəncəvi Azərbaycan ədəbiyyatına fəlsəfi dərinlik və bəşəri məzmun gətirmişdir. Bu yolla o, mənsub olduğu xalqın, Şərqin və geniş mənada insanlığın həyatında humanizmə və ədalətə, elmə, ağıla və idraka əsaslanmaqla yeni bir inkişaf mərhələsi yaratmağın mümkünlüyünə inam oyatmışdır. Qədim dövr və Orta əsrlər Azərbaycan ədəbiyyatında, bəlkə də geniş mənada Şərq xalqları ədəbiyyatında Nizami Gəncəvi qədər elmi bilikləri təşviq edən, cəmiyyətin inkişafında və insanın mənəvi təkamülündə elmin roluna yüksək qiymət verən ikinci bir sənətkar göstərmək çətindir. Mütəfəkkir şairin canlandırmaq istədiyi mənəvi oyanış, humanizm və kamillik ideyaları nəticə etibarilə yaşadığı cəmiyyətin ictimai-mədəni tərəqqisinə və hərtərəfli inkişafına ünvanlanmışdır. Bu uzaqgörən ideyalar öz növbəsində Azərbaycanda və Şərq aləmində intibah mədəniyyətinin formalaşdırılmasına və inkişaf etdirilməsinə təkan vermişdir. Bütün yaradıcılığı boyu izlədiyi və davam etdirdiyi həmin ideyalar "İskəndərnamə" poemasında genişliyi reallıqları ilə birlikdə əks etdirilmişdir. Bu mənada "İskəndərnamə" Azərbaycan intibah ədəbiyyatının nizamnaməsidir. Nizami Gəncəvi Şərq Renessansının əsas yaradıcılarından biri, Azərbaycan intibah ədəbiyyatının banisidir.

Həm "Şərəfnamə"də və həm də "İqbalnamə"də Makedoniyalı İskəndərin obrazının əsas yer tutması bu hissələri bir-birilə üzvi surətdə bağlı olan tam, bütöv bir bədii əsərə çevirir. "İskəndərnamə" tam olaraq makedoniyalı fateh İskəndərin mənzum dastanıdır. Adında ifadə edildiyi kimi, "İskəndərnamə" dünya fatehi kimi qəbul olunmuş Makedoniyalı İskəndərin epopeyasıdır. Nizami Gəncəvi bu əsərlə Makedoniyalı İskəndərin Qərbdən başlanan həyat və mübarizə yolunun, Şərq ölkələrinə: Qafqaza, İrana və Hindistana qədər davam edən hərbi yürüşlərinin möhtəşəm epopeyasını yaratmışdır.

Dahi şair İskəndəri ilk növbədə elmə və hərbə əsaslanan Qərb hakimiyyət modelinin timsalı kimi təqdim etmişdir. Lakin Nizami Gəncəvinin təqdimatında Şərq ölkələrinə hərbi yürüşləri zamanı rast gəldiyi insanların yüksək mənəviyyatı və müdrikliyi ona dərindən təsir edərək, İskəndərin kamil şəxsiyyət və ədalətli hökmdar obrazını tamamlamışdır. Bu baxımdan Azərbaycan hökmdarı Nüşabə ilə İskəndərin ibrətamiz görüşünün təsviri Nizami Gəncəvinin bədii kəşfi sayılmağa layiqdir. Müdriklik mücəssəməsi kimi Şərq hökmdar tipini təcəssüm etdirən Nüşabə ilə İskəndərin dialoqu hərbə, gücə əsaslanan hakimiyyətlə mənəviyyatın vəhdətinin qüdrətli hökmdarın ideal insana çevrilməsindəki rolunu əyani şəkildə təcəssüm etdirir. Azərbaycanın qadın hökmdarı Nüşabənin elçi sifətində gəlmiş İskəndərlə görüşü zamanı Azərbaycan qonaqpərvərliyinin nümunəsi kimi süfrəyə hər cür yeməklər düzdürməklə yanaşı, həm də şahənşahın qarşısına qiymətli daş-qaşla dolu bir neçə xonça da qoydurması düşünülmüş və ibrətamiz bir hadisədir. Və Azərbaycan hökmdarının Makedoniyalı İskəndərə xonça əhvalatı ilə əlaqədar verdiyi aşağıdakı şərh həm də hakimiyyətin mahiyyətini izah etmək baxımından Nizami Gəncəvi baxışlarının ümumiləşmiş yekunudur:

 

Nüşabə gülərək söylədi şaha:

- Daşın ki, boğaza yolu yox daha,

Faydasız, yaramaz belə daş üçün

Bu qədər vuruşmaq, çarpışmaq neçin?

İndi ki, yeməyə yaramaz bu daş,

Dünyada onunla ucalarmı baş?

Dəyərsiz bir daş ki, olmayır yemək,

Onunçün bu qədər zəhmət nə gərək?

Yollardan daşları atmaq lazımkən,

Daşı daş üstünə qoyursan nədən?

Bu daşdan doyunca hər kəs ki, aldı,

Yemədi, daş yenə yerində qaldı...

 

Azərbaycan hökmdarı Nüşabə Nizami Gəncəvinin təqdimatında ağıla və müdrikliyə əsaslanan dövlət hakimiyyətinin təcəssümü kimi təsvir olunur. Nizami Gəncəvi, eyni zamanda Makedoniyalı İskəndərin də fəaliyyətində elm və ağıl faktorunun özünəməxsus mühüm yer tutduğunu diqqətə çatdırmışdır. Beləliklə, Nizami Gəncəvi "İskəndərnamə" poemasında ideal cəmiyyət və ədalətli hökmdar üçün hərbi və iqtisadi güclə ağıl və müdrikliyin vəhdəti modelini irəli sürmüş və qənaətlərini zəngin həyat hadisələri vasitəsilə əsaslandırmışdır.

Məlum olduğu kimi, Nizami Gəncəvinin yaradıcılığında Azərbaycan mövzusunun özünəməxsus yeri vardır. Nizaminin şeirləri və "Xəmsə"si türk ruhunun, azərbaycanlı düşüncəsinin bədii ifadəsidir. O, əsərlərinin mövzusunu azərbaycanlı kimi düşünüb, fars dilində qələmə almışdır. "İskəndərnamə" poemasında da Qərb həyatı ilə bağlı olan mövzunu böyük məharətlə Azərbaycan gerçəklikləri ilə əlaqələndirmişdir. İskəndər-Nüşabə münasibətlərində Azərbaycan-Şərq müdrikliyi məsələsini diqqət mərkəzinə çəkən Nizami Gəncəvi, eyni zamanda "İskəndərnamə" poemasında doğma vətəninin təbii gözəlliklərini də ilhamla tərənnüm etmişdir. Əsərdəki Bərdənin tərifinə həsr olunmuş poetik parçada şairin Vətən sevgisi qabarıq şəkildə ifadə olunmuşdur. Nizami Gəncəvi Bərdənin timsalında bütövlükdə Azərbaycan təbiətinin nadir gözəlliklərini vəsf etmişdir. Bu mənada "Bərdənin tərifi" şeirini ümumiləşdirilmiş şəkildə "Azərbaycanın tərifi" də adlandırmaq olar. Yaxud da şeirdəki "Bərdə nə gözəldir" sözlərini "Ölkəm nə gözəldir" sözləri ilə əvəz etsək, ifadə olunan məna və mətləb dəyişməz olaraq qalar. "Bərdənin tərifi" Nizami Gəncəvinin poetik Azərbaycannaməsidir:

 

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir.

İyulda dağlara lalələr səpər,

Qışını baharın nəsini öpər.

O yaşıl meşəsi cənnətə bənzər,

Şən ətəklərinə bağlanmış kövsər,

Söyüdlük çöllərə vermişdir zinət,

Ağ bağı elə bil həqiqi cənnət.

Qırqovul yuvası hər sərv ağacı,

Oxuyur kəkliyi, ötür turacı.

Səssizlik içində dincəlir gülşən,

Torpağı silinmiş qayğı, kədərdən.

Reyhanı yaşıldır illər uzunu,

Hər çeşid naz-nemət bürümüş onu.

Yem üçün quş gələr bu gözəl yurda

İstəsən quş südü taparsan burda.

Torpağı yoğrulmuş qızıl suyundan,

Elə bil hər yanda bitmiş zəfəran.

O yaşıl yerləri dolaşıb-gəzsən,

Şənlikdən başqa bir xəyal görməzsən.

 

Nəhayət, "İskəndərnamə" poemasında təqdim etdiyi "Xoşbəxtlər ölkəsi" böyük mütəfəkkir şairin ideal cəmiyyət axtarışları sahəsində gəlib çatdığı ən uca zirvədir. Bu utopik ölkədə həyat və cəmiyyət məsələlərinin bərabərlik üzərində qurulmasının təsviri, orada insanların bütün haqlarının və azadlıqlarının təmin olunduğunun göstərilməsi Nizami Gəncəvinin arzu etdiyi ideal cəmiyyət haqqındakı xəyali təsəvvürlərinin ümumiləşdirilmiş nəticəsidir. Akademik Məmməd Cəfər Cəfərovun haqlı olaraq yazdığı kimi, "Bərabərlik şəhəri"nin ("Xoşbəxtlik ölkəsi"nin - İ.H.) təsvirinə şairin ömrünün axırlarında gəldiyi bir fikir kimi deyil, ona qədər cəmiyyət quruluşu haqqındakı utopik fikirlərinin yekunu, həm də büllurlaşmış yekunu kimi baxmaq lazımdır".

Nizami Gəncəvi "İskəndərnamə" poemasında "Xoşbəxtlər ölkəsi" adı ilə təqdim etdiyi utopik dövlətçilik modeli ilə nəinki özünün sələflərini və müasirlərini, hətta özündən sonra gələn görkəmli Avropa Renessansı mütəfəkkirlərini də qabaqlamış və ötüb-keçmişdir.

Nizami Gəncəvinin "İskəndərnamə" əsəri janr baxımından epopeyadır. Əsərin həcminin genişliyi, böyük bir epoxanın hadisələrini və tarixi şəxsiyyətlərini əks etdirməsi, irəli sürülən ideyaların möhtəşəmliyi "İskəndərnamə"ni epopeya adlandırmaq üçün tam əsas verir. Beləliklə, "İskəndərnamə" - Azərbaycan ədəbiyyatında şeirlə yazılmış birinci mənzum tarixi epopeya kimi də mühüm əhəmiyyətə malikdir.

"İskəndərnamə" fateh Makedoniyalı İskəndər ilə insan və şəxsiyyət İskəndəri vəhdətdə təqdim edən möhtəşəm epopeyadır.

"İskəndərnamə" - Azərbaycan ədəbiyyatında hökmdarın ağıl və mənəviyyatını ön mövqeyə çəkən, qılıncla qələmin vəhdətinin qüdrətini isbat edən yeni tipli şahnamədir.

"İskəndərnamə" - Azərbaycan ədəbiyyatının Platon Akademiyasıdır. "Şərəfnamə" - Azərbaycan ədəbiyyatının Sokrat  müdrikliyi, "İqbalnamə" isə ədəbiyyatımızın Aristotel dərinliyidir. Nizami Gəncəvi "İskəndərnamə"də antik dövrün yunan alimləri ilə bərabər, digər Qərb və Şərq alimlərinin də obrazlarını yaratmaqla və onların ideyalarından istifadə etməklə, hətta Platon Akademiyasının da sədlərini aşmışdır.

Nizami Gəncəvinin təsvir etdiyi, obrazlarını yaratdığı yeddi müdrik alim antik yunan elmi mühitindəki müdriklik modelinin təcəssümü olsa da, ilk dəfə olaraq Qərb və Şərq elmi fikrinin nümayəndələrinin müştərək iştirakı ilə ədəbiyyatda formalaşdırılmış fərqli bir Alimlər Məclisidir. "İskəndərnamə"də Ərəstü, Əflatun, Vallis, Bəlinas, Sokrat, Fərfuryus və Hürmüzlə birlikdə "Nizaminin dedikləri"nin də bərabər səviyyədə yer alması dahi şairin cəmiyyətin yeni inkişafı üçün daha geniş imkanlara malik Nizami Gəncəvi Məclisi təklif etdiyini göstərir. Buna əlavə olaraq "İqbalnamə"də yeddi müdriklə və Nizami Gəncəvi ilə birlikdə fateh İskəndərin deyil, peyğəmbərlik mərtəbəsinə yüksəlmiş mütəfəkkir İskəndərin də hadisə və proseslərə müdaxilə etməsi və müzakirə edilən dünya hadisələrinin miqyasına görə Nizami Gəncəvi Məclisi mahiyyət etibarilə bəşəriyyətin ehtiyac duyduğu Ümumdünya Məsləhət Məclisi və ya Beynəlxalq Elmi Şura funksiyalarını həyata keçirdiyini nümayiş etdirir.

Nizami Gəncəvi "İskəndərnamə" epopeyası ilə təkcə Azərbaycan ədəbiyyatını yox, geniş mənada Şərq ədəbiyyatını mədhiyyəçilikdən, şahnaməçilikdən və salnaməçilikdən xilas etmişdir.

"İskəndərnamə" poemasının "Şərəfnamə" hissəsini Abdulla Şaiq 1940-cı ildə orijinaldan Azərbaycan dilinə tərcümə etmişdir. Əsərin "İqbalnamə" hissəsi də eyni ildə Mikayıl Rzaquluzadənin tərcüməsində orijinalın ruhuna uyğun şəkildə Azərbaycan auditoriyasına çatdırılmışdır. Bundan sonra isə "İskəndərnamə" xalq şairi Xəlil Rza Ulutürk tərəfindən yenidən Azərbaycan dilinə poetik tərcümə olunmuşdur.

Nizami Gəncəvinin yaradıcılığı mövzusu və ideyaları etibarilə bütün dövrlər və zamanlar üçün aktual və əhəmiyyətli səslənən böyük söz və hikmət xəzinəsidir.

"İskəndərnamə" - Nizami Gəncəvinin qəhrəmanlıq və müdriklik dastanı, Azərbaycan ədəbiyyatının Şərəfnaməsidir.

"İskəndərnamə" - təkcə Nizami Gəncəviyə yox, bütövlükdə Azərbaycan ədəbiyyatına şərəf gətirən möhtəşəm sənət abidəsidir.

Makedoniyalı İskəndər haqqında dünya ədəbiyyatında çox əsərlər yazılsa da, dünyanın ən mükəmməl "İskəndərnamə"sini Nizami Gəncəvi yaratmışdır. 

Dünya şöhrətli Makedoniyalı İskəndər Nizami Gəncəvinin "İskəndərnamə"si ilə tarixdə və ədəbiyyatda əbədiləşdirilmişdir.

Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının Makedoniyalı İskəndəridir. Makedoniyalı İskəndər qılıncı, Nizami Gəncəvi isə qələmi ilə dünyanı fəth etmişdir.

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin idealları və onun adı ilə bağlı olan sənət ənənələri yaşayır və dünya ədəbi-ictimai fikrini daim irəli aparmağa, sülhə, humanizmə və ədalətə qovuşdurmağa xidmət edir.

 

"Ədəbiyyat" qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: