İngilis dilində iqtisadi forum simulyasiyası keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ingilis dilində iqtisadi forum simulyasiyası keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Pandemiyanın dünya ölkələrinin iqtisadiyyatına təsiri” mövzusunda keçirilən  simulyasiyada universitetin tədrisi ingilis dilində olan “İqtisadiyyat” ixtisası üzrə I kurs tələbələri iştirak edib.

Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının beynəlxalq əməkdaşlığında tədrisi ingilis dilində olan ixtisasların mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirilib ki, bu ixtisasların ikili diplom layihələrində iştirakını nəzərə alaraq tədrisi ingilis dilində olacaq ixtisasların sayının artırılması gələcək hədəflər sırasındadır. Rektor oxuduqları ixtisasın tələbələrə verəcəyi gələcək perspektivləri vurğulayaraq təklif və tövsiyələrini çatdırıb.

“İqtisadiyyat və idarəetmə” fakültəsinin müəllimi Elvin Nəcəfovun moderatorluq etdiyi simulyasiyada tələbələr Azərbaycan, Türkiyə, Pakistan, ABŞ, İngiltərə, Almaniya, İspaniya, İtaliya, Yaponiya dövlətlərini təmsil edərək həmin ölkələrə pandemiyanın təsir mexanizmləri barədə çıxış ediblər. Simulyasiyada pandemiya ilə əlaqədar olaraq uçuşların dayandırılması, məhsulların ixracının minimal həddə endirilməsi, ölkələrin sərhədlərinin bağlanması məsələləri müzakirə edilib, turizm, emal sənayesi və digər iqtisadi sahələrdə durğunluğa səbəb olduğu diqqətə çatdırılıb. Təqdimatlarda bildirilib ki, iqtisadi durğunluq virusun yayılmağa başladığı Çin də daxil olmaqla ABŞ, Avrozona kimi iqtisadi mərkəzlərin tənəzzülə doğru hərəkət etməsinə səbəb olub.

Simulyasiyada ən yaxşı təmsilçi nominasiyası üzrə qalib olan Tuncay Ələkbərov diplom və kitabla, fəal iştirak etdiyinə görə isə Ayşən Əbülfəzli və Əli Qənbərov kitabla mükafatlandırılıblar. 

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: