Naxçıvanda beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Müasir təhsilin inkişaf strategiyaları: Uğurlar və çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.
100-dən artıq təhsil işçisinin videobağlantı formatında qoşulduğu konfransda institutun rektoru Azad Novruzov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Respublikası təhsil nazirinin müavini Muxtar Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Elburus İsayev çıxış ediblər.
Beynəlxalq Konfransda videobağlantı ilə iştirak edən Təhsilin idarə olunması üzrə mütəxəssis, Finlandiyanın “HundrED” qlobal təhsil təşkilatının icraçı direktoru və həmtəsisçisi Lasse Leponiemi bir sıra mövzular üzrə çıxış edib. O, dünyada təhsilindəki ənəvi sistemlərlə kurikulum sisteminin fərqindən, müasir təhsil sistemlərinin əhəmiyyətindən, o cümlədən COVİD 19 pandemiyasının dünya təhsilindəki fəsadlarından ətraflı danışıb.
Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov ölkədə yeni dərsliklərin hazırlanması, aparılan tədqiqatlar, gələcək hədəflərin müəyyənləşdirilməsi, mərkəzləşdirilmiş qiymətləndirilmənin aparılması qaydaları, ali təhsil pillələrindəki proqramlar və digər sahələr barədə məlumat verib.
İki gün davam edən konfrans panel iclasları ilə işini davam etdirib.
Ərhan Novruzov