Bu il ölkəmizin, o cümlədən də Naxçıvanın tarixi-taleyində mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsi imzalanmasının 100 illiyini geridə qoyur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 8 fevral 2021-ci il tarixində Sərəncam imzalayıb. Sərəncama əsasən “Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planında “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi publisistik jurnalının bir nömrəsinin Qars müqaviləsinin 100 iliyinə həsr edilməsi və “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmaların davam etdirilməsi qeyd olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qars müqaviləsinin tarixi əhəmiyyətinə işıq tutan və mühüm araşdırmaların yer aldığı “Naxçıvan” jurnalında AMEA–nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Qars müqaviləsində iştirak edən Azərbaycan təmsilçiləri”, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyevin “Qars müqaviləsi və Naxçıvanın muxtariyyət məsələsi”, Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin “Qars müqaviləsinin imzalanması ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət”, Qars Qafqaz Universitetinin Ədəbiyyat fakültəsi, Tarix bölməsinin professoru Səlcuq Uralın “Türkiyənin Qafqaz siyasətində Qars Müqaviləsi” və digər tarixçi alimlərin faktlar və sübutlarla ərsəyə gətirilmiş məqalələri yer alır. Jurnalda, həmçinin müqavilənin mətni və Naxçıvanın Qars mqüqaviləsi ilə təsbit olunmuş ərazisinin xəritəsi və tarixi ana şahidlik edən foto-şəkillər də oxuculara təqdim olunur.
Qars müqaviləsinin 100 iliyinə həsr edilmiş digər bir kitab isə AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyevin “Moskva və Qars beynəlxalq müqavilələri” adlı yeni kitabıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2021-ci il üçün nəşr planına əsasən çap olunan kitabda yeni sənəd və materiallar dövriyyəyə gətirilməklə Moskva və Qars beynəlxalq müqavilələrinin tarixi araşdırılır. Hər iki müqavilənin bağlanmasından yüz il keçməsinə baxmayaraq, bu gün də onlar öz aktuallığını və əhəmiyyətini saxlayırlar. Kitabda həm Moskva müqaviləsində, həm də Qars müqaviləsində müzakirə olunan məsələlər hərtərəfli araşdırılıb, müqavilələrdə Naxçıvanla bağlı məsələnin əksini tapması ətraflı təqdim edilib. Kitabda müqavilənin ləğvinə çalışan erməni millətçilərinin göstərdikləri cəhdlərdən də bəhs edilib.
Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, rəyçiləri tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev və tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyevdir.
Hər iki nəşr “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi tərəfindən çap olunub.