Naxçıvan Dövlət Universiteti “Təbiətşünaslıq və kənd təsərrüfatı” fakültəsi, “Biologiya” kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımovun “Azərbaycan florasında yayılmış qırxbuğumkimilər fəsiləsinə aid yabanı tərəvəz bitkilərinin etnofarmakoloji istifadəsi” adlı məqaləsi İtaliyada yüksək impaktfaktorlu “Biomüxtəliflik jurnal”ında (“Biodiversity journal”) dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məqalədə Azərbaycan florasında geniş yayılmış və xalq təbabətində istifadə olunan Polygonaceae Juss fəsiləsinə aid bəzi yabanı tərəvəz bitkilərinin etnofarmakoloji və qidalanma əhəmiyyətindən bəhs edilib. Aparılan tədqiqatda dərman kimi istifadə olunan bitkilərin orqanları və inkişaf mərhələləri aydınlaşdırılıb, onların tərəvəz kimi əhəmiyyəti və müalicəvi xüsusiyyətləri müəyyən edilib. Bitkilərin bioekoloji xüsusiyyətləri və yayılma əraziləri aşkar edilib, ehtiyatları qiymətləndirilib. Qeyd edək ki, müəllif etnobotanik tədqiqatları çöl etnoqrafiyası, müşahidə, sorğu, anket, müsahibə və s. üsullarla aparıb.
Səadət Əliyeva