NDU tələbələri Ədliyyə orqanlarında təcrübədə olublar - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində nəzəri və praktik məşğələlərə cəlb ediliblər. Tələbələr nazirliyin bir neçə struktur qurumunda və Naxçıvan şəhər bələdiyyəsində olublar.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, hamiliklə bağlı tədbirlər çərçivəsində Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Şəhər Nikah Evinin, Naxçıvan Şəhər 2 saylı Notariat Ofisinin və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin iş prinsipləri ilə yaxından tanış olublar.
İcra və Probasiya Şöbəsində tələbələr icra məmurları tərəfindən həyata keçirilən icra prosesində yaxından iştirak edib, icra işlərinin qeydiyyatının aparılması, həyata keçirilən məcburi icra tədbirləri və elektron-icra sisteminin xüsusiyyətləri barədə məlumatlandırılıblar.
“Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alan tələbələr isə nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin iş prinsipləri ilə tanış ediliblər. Qeyd olunub ki, mərkəzdə daxil olan bələdiyyə aktlarının qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılır. Həmçinin Mərkəzdə bələdiyyələrə metodiki köməkliklər göstərilir. Tələbələr bələdiyyələrdən daxil olmuş aktlarla və mərkəzin arxivi ilə tanış olublar.
Mədinə Rəhimli