NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzində bu münasibətlə keçirilən tədbirdə Mərkəzin sədri İsmayıl Qəribli təqdim olunan Dövlət Qulluqçularının Reyestri Proqramının dövlət qulluqçusunun "Elektron şəxsi işi"ni yaratmağa imkan verdiyini bildirib. Mərkəzin sədri Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi üçün mütəmadi tədbirlər həyata keçirildiyindən danışıb.
Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Razi Məmmədov slayd vasitəsilə dövlət qulluqçularının reyestrinin aparılması qaydaları barədə ətraflı məlumat verib. Bildirilib ki, proqrama hesabatlar modulu əlavə edilib və axtarış modulu təkmilləşdirilərək 29 kateqoriya üzrə axtarış imkanı yaradılıb. Hesabatlar moduluna statistik məlumatlar, təsnifat üzrə, dövlət qulluqçularının sayı, dövlət orqanlarının siyahısı haqqında, habelə dövlət qulluqçularının stajı üzrə məlumatları əks etdirən alt bölmələr əlavə edilib. Bildirilib ki, reyestrin aparılmasına dair anket forması təkmilləşdirilib və yeniliklər əlavə olunub. Dövlət qulluqçularının reyestrində aparılan yeniləmələrə uyğun olaraq növbəti ixtisas dərəcələrinin verilməsi haqqında məlumatı əks etdirən bölmə, arayış və sənədlər altbölməsi yaradılıb. Sənədlər altbölməsi dövlət qulluqçusunun elektron sənədlərinin toplanması, istifadəsi və arxivləşdirilməsi üçün əlverişli imkan yaradır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestrinin aparılması və məlumatların reyestrə daxil edilməsi qaydaları barədə ətraflı məlumat verilib. İki seans olmaqla 50 dövlət orqanını təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mədinə Rəhimli