Naxçıvan Dövlət Universitetində publisist-politoloq Reyhan Mirzəzadə ilə onlayn görüş olub - FOTOLAR
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Pedaqoji fikir tarixindən” kitabının müəllifi, tanınmış publisist Reyhan Mirzəzadə ilə onlayn görüş keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev Azərbaycan və dünya pedaqoji fikrinin ən zəruri və dəyərli nümunələri seçilərək toplu halında oxuculara çatdırılan kitabı yüksək qiymətləndirib. Bildirilib ki, “Pedaqoji fikir tarixindən” kitabı muxtar respublikanın təhsil ictimaiyyəti üçün ən dəyərli nəşrlərdən biri, böyük dəyərə malik mütaliə materialıdır. Kitab müəllimlərin pеdаqоji pеşəyə hаzırlаnmаlаrında, ümumi pеdаqоji görüşlərinin dаhа dа inkişaf etdirilməsində, tаriхən inkişаf еtmiş Azərbaycan məktəb və pеdаqоji irsinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Tədbirdə publisist Reyhan Mirzəzadə muxtar respublikaya sonsuz sevgi hissini ifadə edərək Naxçıvanla bağlı xoş xatirələrini bölüşüb. Müəllif “Pedaqoji fikir tarixindən” və “A.S.Qriboyedov: şair-diplomat” kitablarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən təsdiqlənmiş “Oxunması zəruri olan kitablar” siyahısına salınmasını böyük sevinc və minnətdarlıq hissi ilə vurğulayıb. Tədbirdə həm gənclər, həm də onların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərin faydalana biləcəyi görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, pedaqoqların pedaqoji görüşləri, təhsil məsələləri haqqında dəyərli fikirlər səsləndirilib. Vurğulanıb ki, Qriboyedovun “İrəvan yürüşü” adı ilə məşhur olan qeydlərində Naxçıvan barədə xeyli məlumatlara rast gəlinir.
Sonda universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov keçirilən müzakirəni yüksək qiymətləndirərək publisist Reyhan Mirzəzadəyə öz minnətdarlığını ifadə edib.
Səadət Əliyeva