Bu il Fоnd əməkdaşlarının 3 kitabı, 29 elmi məqaləsi, 6 konfrans materialı dərc olunub. Məqalələrdən 24-ü beynəlxalq kodlu jurnallarda nəşr olunub. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Məhəmməd Tağı Sidqinin ev muzeyinə hədiyyə olunmuş şairin oğlu Məmmədəli Sidqinin müxtəlif ünvanlara yazdığı məktublar və digər sənədlərin kataloqu tərtib edilib. Naxçıvan əlyazmalarının tоplanılması, sistemləşdirilməsi, katalоqlaşdırılması və tədqiqi problemi üzrə bir mühüm nəticə əldə olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu faktlar AMEA-nın Naxçıvan Bölməsində Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanasının elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatında Bölmənin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun məruzəsində yer alıb. Natiq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Babək, Ordubad və Naxçıvan Dövlət Tarix Diyarşünaslıq muzeylərindən 200-dək qədim əlyazma və çap kitabı, 250-ə yaxın müxtəlif dövrlərə aid arxeoqrafik sənədlər Əlyazmalar Fonduna köçürülüb. Ordubad şəhərinə ekspedisiya zamanı 5 qədim çap kitabı əldə olunaraq fondun balansına daxil edilib. Hazırda Əlyazmalar Fondunda 611 qədim əlyazma və çap kitabları mühafizə olunur. Fondda, həmçinin şair Müzəffər Nəsirlinin şəxsi arxivindəki sənəd və materiallar əsasında arxiv yaradılıb.
Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş “Tərcümə” (Ərəb-Azərbaycan) və “Tərcümə” (Fars-Azərbaycan) ixtisaslarının tələbələri ilə birgə tədqiqatlar aparılıb, onlara elmi-metodiki məsləhətlər verilib.
“Hesabat dövründə aparılan tədqiqatların nəticələri 26 elmi məqalə, 14 konfrans materialı və 2 tezis olmaqla 42 elmi əsərdə əksini tapıb. Məqalələr beynəlxalq kodlu jurnallarda çap olunub”,- deyən Bölmənin Batabat Astrofizika Rəsədxanasının baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev diqqətə çatdırıb ki, il ərzində Batabat Astrofizika Rəsədxanasında “Günəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmüddətli proqnozlaşdırılması və biosistemlərə təsiri” mövzusunda beynəlxalq qrant layihəsinin icrası davam etdirilib, səma cisimlərinin mövqe və fоtоmetrik müşahidələri problemi üzrə bir mühüm nəticə əldə olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində işlər davam etdirilib. Hesabat ili ərzində əməkdaşlar 3 beynəlxalq, 4 respublika konfransında, 3 bölmə səviyyəli tədbirdə çıxış və məruzə etmişlər.