Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması müzakirə olunub. Uzun müddətdir yaradılması gözlənilən birgə universitet layihəsi, nəhayət, reallaşır.
Azərbaycan -Türkiyə birgə universitetinin yaradılması ciddi əmək tələb edir. Ən önəmlisi isə Azərbaycan Türkiyənin ən tanınmış ali məktəbləri ilə əməkdaşlıq edəcək.
Maraqlıdır, yaradılacaq birgə universitet iki ölkənin təhsil sahəsinə hansı yeniliklər gətirəcək?
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Marmara Universitetinin professoru Okan Yeşilot jurnalistlərə bildirib ki, yaradılacaq birgə universitet iki ölkənin təhsil sahəsindəki əlaqələrini yüksək səviyyəyə qaldıracaq:
“İlk başlarda birgə universitet iki - mühəndislik və tibb ixtisaları üzrə fəaliyyət göstərəcək. Bundan sonra digər ixtisaslar açılacaq. Birgə universitetin yaradılmasında məqsəd iki qardaş ölkənin mühəndislik və tibb üzrə biliklərini birləşdirməkdir.
Sonrakı zamanlarda, inşallah, mədəniyyət ixtisasları üzrə birgə universitet Şuşada açılar.
İlk zamanlarda birdən çox ixtisasları açıb, bir sıra əksikliklər olmaqdansa, yavaş-yavaş daha yaxşı nəticə almaq lazımdır”.
O qeyd edib ki, universitet ilk dəfə paytaxt Bakıda, daha sonra Gəncədə, Şuşada da açılacaq:
“Azərbaycan-Türkiyə birgə universiteti paytaxt Bakıda açılacaq. Daha sonra filialları Gəncədə, Şuşada da açıla bilər.
Türkiyədəki Yükseköğretim kurulu(YÖK) Azərbaycanda açılacaq birgə universitetlə bağlı yüksək səviyyədə hazırlıqlar aparıb.
Başlanğıc çox önəmli idi. Biz uzun zamandır Azərbaycan-Türkiyə birgə universitetinin açılmasını gözləyirdik.
İnşallah, qarşıdakı zamanlarda digər ixtisasların da açılması üçün birgə səylər göstərəciyik”.