Azərbaycanın Əməkdar həkimi Mahirə İsmayılova NDU tələbələrinə ustad dərsi keçib - FOTOLAR
Naxçıvan Dövlət Universiteti Xəstəxanasında ali təhsil ocağının Tibb fakültəsi tələbələrinə Mərkəzi Klinikanın Süni Mayalanma Şöbəsinin müdiri, cərrah-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycanın əməkdar həkimi Mahirə İsmayılova ustad dərsi keçib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Mərkəzi Klinikanın Süni Mayalanma Şöbəsinin müdiri, cərrah-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycanın əməkdar həkimi Mahirə İsmayılova sonsuzluğun müalicəsində köməkçi reproduktiv texnologiyaların rolundan danışıb. Sonsuzluğun səbəbləri və ona təsir edən amillər haqda tələbələrə slayd vasitəsilə əyani məlumat verilib.
“Müalicə işi” Tibbi profilaktika ixtisası üzrə yuxarı kurs tələbələrinin iştirak etdiyi dərsdə müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırıldıqdan sonra onlara Mərkəzi Klinikanın maarifləndirici broşür və bukletləri paylanılıb.
Qeyd edək ki, Tibb elmləri namizədi, mama-ginekoloq Mahirə İsmayılova Naxçıvanda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunudur. 1996-2001-ci illərdə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda işləyib. 2007-ci ildən indiyədək Mərkəzi Klinikada Qadın Mərkəzinin müdiridir.
Səadət Əliyeva