Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Qarabağ Azadlıq Təşkilatı və Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı ilə "Arsak: tarix və müasirlik" mövzusunda elmi-praktiki konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda "Qafqaz Albaniyasının Arsak əyaləti və Qarabağ" mövzusunda məruzə edib. Alim məruzəsində Qafqaz Albaniyasının ərazisi, burada hökmranlıq edən hakim sülalələr, ermənilər tərəfindən irəli sürülən əsassız iddialar və başqa önəmli mövzular haqqında məlumat verib.
“Albaniya ərazisində tarixən mövcud olan 12 əyalətdən biri də Arsak əyaləti olub”, - deyən akademik Arsak toponiminin etimologiyası, uydurma erməni təbliğatı ilə bağlı fikirlərini elm ictimaiyyətinə çatdırıb. Çoxsaylı müəlliflərdən sitatlar gətirərək tarixi mənbələrdə yer alan real faktlar əsasında təhlillər aparıb. Vurğulanıb ki, indiki Ermənistan ərazisində də coğrafi adların əksəriyyəti Azərbaycan mənşəlidir. Ad dəyişməklə onun milli mənsubiyyətini ləğv etmək mümkün deyildir.
Qeyd edək ki, dünyanın bir sıra ölkələrindən azərbaycanlı və xarici mütəxəssislərin iştirakı ilə keçirilən konfrans həm ənənəvi, həm də videokonfrans formatında baş tutub. Konfransın plenar və bölmə iclaslarında tarix elmi üçün mühüm olan bir sıra məsələlərə toxunulub.