Dağların vüqarını yaşadan Naxçıvanım - Söz tələbə jurnalistlərindir

A- A A+

Ətrafı dağlarla əhatələnmiş bir yurdda yaşamaq bambaşqa bir məna yükləyər talelərə. Burada həyatlar  dağlarla bütünləşib birləşir. Çox vaxt aşılması ən böyük əngəl olaraq görülən dağlar həm də nağıllara mövzu, şeirlərə misra olur. Şairlər Şirinə qovuşmaq üçün dağları yaran  Fərhaddan ilham alır. Sevənin sevdiyinə qovuşmasına əngəl olan dağlar kədər olur, qavalın, neyin hüzünlü səsiylə inlədir yaralı könülləri.  Nə çox mənanı özündə daşıyır dağlar. Dağların qoynunda olan yurd yerləri də bu mənaları özündə birləşdirir. Vüqarın, qürurun, əzəmətin, yenilməzliyin, inkişafın simvoluna çevrilən doğma Naxçıvanım kimi. Mübarizliyini və mərdliyini dağlardan alan qədim yurd yerim. Sən nələr yaşadın, nələr gördün bu dünyada. Amma heç bir zaman azadlıq mübarizəndən, istiqlaliyyət arzundan əl çəkmədin. 

Bir səyahətə çıxıram. Müstəqilliyin ilk illərinə… Dağlara… Dağların zirvəsindən seyr edirəm o illərdəki Naxçıvanımı. Anasından ayrılmış bir körpə kimi kədərlidir. Mənfur düşmənin işğalçılıq siyasəti ayırıb onu Azərbaycanından. Hər tərəfdən quru yolları bağlanıb, bu əzəmətli yurd blokadaya salınıb. Bir tərəfdən isə xain düşmən mərmi atəşinə tutub bu yurdu. Amma bu dağları aşa bilmir. İnsanlar və dağlar bütünləşib aşılması  mümkün olmayan sıldırımlara çevrilib. Silahı, texnikası yoxdur, amma polad biləkli aslanları vardır sinəsini yurduna sipər edən."Qeyrət qalası" olan Sədərəyi görürəm. Canpoladlar, Nəsiblər, Musalar, Əbülfəzlər, Müşfiqlər və daha kimlər-kimlər sinəsini düşmən gülləsinə sipər edib qala divarları kimi qoruyurlar Naxçıvanı. Həyat çox çətin davam edir. Sanki müharibənin soyuğu və zülməti ətrafı bürüyüb. İşıq yox, yanacaq yox, insanlar çörək üçün səhərin erkən vaxtlarında növbəyə dururlar. Hər ailənin sayına görə çörək verilir, şəkəri meyvə quruları əvəz edir. Amma insanlar şikayətçi deyil. Çünki bilirlər ki, bu günlər keçicidir. İnsanlar çöllərdən çalı-çırpı yığır soyuq qış gecələrində isinmək üçün. Bəzən o da yetmir, ürəyi parçalansa da, ağacları kəsir sobada yandırmaqdan ötrü. Amma nə ümidsizliyə düşür, nə çarəsizliyə. 

Həyat öz çətinliyi ilə davam edir 90-cı illərdə Naxçıvanda. Budur, bir dəstə uşaq isə əlində sadəcə qələm və dəftər məktəbə gedir. O vaxtlar kitab çox az adamda olardı, kitabı müəllim əvəz edirdi. Bu çətin günlərdə oxumaqla, öyrənməklə isinirdi körpə balalar. Hər dəfə vətən dedikcə ümidlər doğurdu balaca ürəklərinə. 

O günlər çox geridə qaldı. Artıq Cahanın Nəqşi olan bu yurd dünyanı heyrət içində buraxıb öz gözəlliyi ilə. Yaşadığı çətinliklərə baxmayaraq, günü-gündən inkişaf edən Naxçıvanım müstəqillik illərinin inkişaf modelinə çevrilib.

Zəngəzur silsiləsinin ətəyindən, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağından seyr edirəm doğma diyarı.  Geniş və abad yolları, işıqlı küçələri, gül-çiçəkli parkları göz oxşayır. Yolların kənarına əkilmiş ağaclar isə başqa bir gözəllik qatır dağların qoynundakı Naxçıvanıma. Yenə yollarda uşaqlar var, məktəbə gedirlər. Amma  geniş, işıqlı və zəngin kitabxanası olan məktəblərə. Geniş, işıqlı məktəb binaları tikilib, yeni yollar salınıb… Yüksək səviyyəli təhsili ilə örnəkdir Azərbaycanda. Soyuq və qaranlıq günlərdə bir yandan da işsizlikdən əziyyət çəkən naxçıvanlılar üçün yeni iş yerləri açılıb. 

Qoynunda keçmişin izlərini daşıyan  Naxçıvanım başdan-başa tarix qoxur. Tarixi abidələr bərpa olunub, yeni muzeylər, istirahət mərkəzləri tikilib.  Bura gələnlər şəhərin təmiz küçələrinə, cəmiyyətin nizam-intizamına, qonaqpərvər insanına heyran qalırlar. Burada sakitlik, əmin-amanlıq hökm sürür. Naxçıvan dağları kimi güvəni təmsil edir. Şəhərini də, insanını da mərdcə qoruyan, sığınanlara sipər olan, sarıb sarmalayan... Bəzən də heybətlidir. Onun ucalığı sizi məst edər. Qarşısında heyran- heyran baxarsınız, acizliyinizi xatırladar sizə.... Müasir silahlarla silahlanmış və yenilməzlik simvoluna çevrilən güclü ordusu ilə qorxu salar ürəklərə. 

İqtisadiyyatı günü-gündən güclənən Naxçıvanımın hələ inkişafının ən gözəli isə qarşıdadır. Çünki açılacaq Zəngəzur dəhlizi ilə daha da güclənəcəyik. Bir sözlə, dağ dağa qovuşacaq.

İlahə Allahverdiyeva 
Naxçıvan Dövlət Universitetinin 
"Jurnalistika" ixtisasının III kurs tələbəsi
 Məqalə “Müstəqillik illərində inkişafın Naxçıvan modeli” müsabiqəsinə təqdim etmək üçündür

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: