Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener –Trexo NDU-da olub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti “Diplomatiya” kabinəsində keçirilən ikitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qonağı salamlayaraq universitetdə görməkdən məmnunluğunu ifadə edib. Rektor universitetin zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verib. Mütəxəssis hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar və qarşıya qoyulan strateji hədəflər barədə danışan Elbrus İsayev sürətlə modernləşən ali təhsil ocağının beynəlxalq əməkdaşlıq üzrə prioritetlərini diqqətə çatdırıb. Akademik fəaliyyətdə də uğurlara imza atıldığını vurğulayan rektor bildirib ki, universitet müəllimlərinin öz elmi məqalələri ilə yüksək impaktfaktorlu jurnallara çıxışı təmin edilib. Ali təhsil ocağında yeni qurulacaq texnopark layihəsi çərçivəsində Türkiyə Universitetləri ilə qarşılıqlı əlaqələr haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, 1998-1999-cu tədris ilindən etibarən İngilis və Fransız dili ixtisasları, hal-hazırda isə “Xarici dillər” fakültəsində 6 xarici dil üzrə ixtisaslar fəaliyyət göstərir.  Rektor onu da diqqətə çatdırıb ki, ali təhsil ocağının fakültəsində “İngilis dili və tərcümə”  və “İngilis dili və metodika” kafedralarında bu sahə üzrə kadr hazırlığı diqqətdə saxlanılır. Bildirilib ki, tələbələrə ingilis dili ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı dərslər də keçirilir. 

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında yaranmış elmi-mədəni sahələrdə münasibətlərin möhkəmlənməsi və inkişafında British Councilin xüsusi rolunun olduğunu qeyd edən Fransis Qardener –Trexo yeni vəzifəyə təyin olunandan sonra muxtar respublikaya səfər etdiyindən şad olduğunu bildirib. Vurğulanıb ki, müəllimlərin təkmilləşdirilməsi üzrə British Council tərəfindən həyata keçirilən layihələr Azərbaycanda öz peşəkarlığı və səriştəliliyi ilə fərqlənir və müasir təlim texnologiyalarına, fəal, interaktiv təlim metodlarına yiyələnmiş ingilis dili müəllimlərinin formalaşmasına zəmin yaradır.

İkitərəfli görüşdə təhsil sahəsində əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub.

Sonra  ali təhsil ocağının “Xarici dillər” fakültəsində olan qonaq burada fəaliyyət göstərən İngilis dili mərkəzi, Sinxron tərcümə mərkəzi, linqafon və İngilis və Amerika ədəbiyyatına aid olan bədii əsərlər, tərcümə əsərləri, tələbələrin dərsdən kənar mütaliələri, fəaliyyətləri üçün olduqca faydalı olan xarici ölkə ədəbiyyatı kabinəsində olub, tələbələrin dərs prosesini izləyib. Tələbələrin dərsdənkənar təşkil etdikləri diskussiya klubunda iştirak edən Fransis Qardener –Trexo onların fəaliyyətindən razılığını ifadə edib. 

Səadət Əliyeva 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: