“Naxçıvan” Universitetində “Türkiyə günü” keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində ötən gündən start verilən  “Beynəlxalq həftə” layihəsi çərçivəsində bu gün “Türkiyə günü” keçirilib. Tədbirdə qardaş Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu və digər qonaqlar iştirak edib.

“Bu gün “Naxçıvan” Universiteti Türkiyənin 30-a yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir”,-deyən Universitetin rektoru Nurlana Əliyeva Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz və digər qonaqları salamlayaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Hazırda muxtar respublikamız qardaş ölkə ilə digər sahələrlə yanaşı, elm və təhsil sahəsində də geniş əməkdaşlığa malikdir. Rektor bildirib ki, Mövlana Mübadilə Proqramı çərçivəsində 20-yə yaxın universitetlə əməkdaşlıq edən “Naxçıvan” Universiteti həm tələbə-müəllim mobilliyini, həm də elmi əməkdaşlıq işlərini həyata keçirir. Bununla yanaşı, ali təhsil ocağı Türkiyədə yerləşən EURAS Universitetlər Birliyinin və Türk Dünyası Rəqəmsal Vətəndaşlıq layihəsinin də rəsmi iştirakçılarındandır. Bunun nəticəsində isə universitet təşkil olunan bütün simpoziumlar və sərgilərdə, eləcə də onlayn təlim və seminarlarda iştirak edə bilir.

50-yə yaxın türkiyəli tələbənin “Naxçıvan” Universitetində təhsil aldığını diqqətə çatdıran rektor vurğulayıb ki, onlar həm hazırlıq kurslarında, həm bakalavriat səviyyəsində, həm də magistratura və doktorantura pilləsində təhsillərini davam etdirirlər.

Türkiyə Respublikası ilə Azərbaycan arasında əlaqələrin  inkişafından söz açan Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb. Məhmət Emin Kiraz hər iki ölkənin ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrə toxunaraq birgə layihələrin gələcək perspektivlərindən danışıb.

Sonra “Yeddi rəngdə Türkiyə” filminin təqdimatı keçirilib.

Layihə çərçivəsində Türkiyədən dəvət olunan “Ahəng Sənət Gənclik və İdman” folklor qrupunun rəqs nümunələri maraqla qarşılanıb.

Qeyd edək ki, ali təhsil ocağında  təşkil olunan “Beynəlxalq həftə” layihəsi dekabrın 10-dək davam edəcək. Müxtəlif xalqların tarixi və mədəniyyətini əks etdirəcək tədbirlərin təşkil olunacağı layihə çərçivəsində sabah universitetdə “Böyük Britaniya günü” keçiriləcək.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: