Ölkəmizdə ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində “Tələbə təşkilatları” mobil tətbiqi yaradılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə ali təhsil ocağında keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev müasir gəncliyin formalaşmasında, tələbələrin ictimai-mədəni sahələrdə fəallıq göstərməsində tələbə təşkilatlarının rolunu xüsusilə qiymətləndirib. Rektor tələbə gənclər təşkilatlarının təşəbbüsü ilə keçirilən layihələri qiymətləndirərək tələbələrə çağdaş dövrün tələblərinə uyğun olaraq rəqəmsal texnologiyadan istifadə etməyi tövsiyə edib və tətbiqin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib.
Universitetin Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov tələbə təşkilatlarının birgə fəaliyyət göstərəcəyi mobil tətbiq barədə məlumat verib. Qeyd edilib ki, “NDU Tələbə təşkilatları” tətbiqinin əsas məqsədi ali təhsil ocağında fəaliyyət göstərən tələbə təşkilatlarını vahid virtual məkanda toplamaq, hər birinin fəaliyyətini bir platforma üzərindən yaymaqdır. Mobil tətbiq internetdən asılı olub-olmamasına görə fərqlənən fərqli menyulara malik hibrid tətbiqdir. Əsas menyuda təşkilatlar barədə məlumat, xəbərlər və əsas səhifəyə keçid butonu var. Vurğulanıb ki, “Əsas səhifə”- tətbiqin əsas menyusudur, burada universitetlə bağlı məlumat almaq, həmçinin tələbə təşkilatlarının şəxsi menyusuna keçid etmək olar.
Əziz Qasımov qeyd edib ki, tələbə təşkilatlarının hər birinin əsas menyusunda keçmiş və davam edən layihələr adlı alt menyular yerləşdirilib ki, bu da təşkilatların layihələri haqqında tələbələrə birbaşa məlumat vermək məqsədini daşıyır. Tətbiqdə “Könüllümüz ol” – alt menyusu vasitəsilə tələbələrə təşkilatlara könüllü üzv olmaq üçün forma doldurmaq imkanı da verilir. Həmçinin tələbələr “Elmi iş göndər” menyusu vasitəsilə elmi işlərini universitetin Tələbə Elmi Cəmiyyətinə göndərə bilərlər. Mobil tətbiqin bildiriş funksiyası ilə isə istifadəçilər universitetdə keçiriləcək tədbirlər barədə mütəmadi məlumatlar əldə edəcəklər.
Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov “Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında gənclərin rolu”, Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova “Müasir gəncliyin inkişafında elmin rolu. Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti” mövzusunda çıxışlar ediblər.
Sonda universitetin rektoru Elbrus İsayev mobil tətbiqi hazırlayan “Tibb” fakültəsinin I kurs tələbəsi Əli Ələkbərliyə diplom təqdim edib.
Məmmədbağır Dünyamalıyev