Pedaqoji profilli ixtisasları bitirən 52 gənc ümumtəhsil məktəblərində işlə təmin olundu - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ümumtəhsil müəssisələrində vakant vəzifələrə işə qəbul edilən gənc kadrlarla keçirilən görüşdə təhsil naziri Rəhman Məmmədov uğurla davam etdirilən gənclər siyasətindən danışıb.
Nazir bildirib ki, Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə muxtar respublikanın ali təhsil müəssisələrində kadr hazırlığı aparılan 30-dan çox pedaqoji profilli ixtisas Təhsil Nazirliyinin hamiliyinə verilib. Hami ixtisaslarda oxuyan tələbələrin pedaqoji təcrübələrdə, sabahın müəllimi kimi layihələrdə iştirakı təmin edilir.
“Dövlət ümumtəhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul üçün 14 avqust 2021-ci il tarixdə elan edilmiş müsabiqənin 22-30 noyabr 2021-ci il tarixlərdə keçirilmiş test imtahanlarının nəticəsinə uyğun olaraq 16-sı psixoloq, 6-sı Uşaq Birliyi Təşkilatının Rəhbəri, 9-u laborant, 19-u kitabxana müdiri və 2-si isə kitabxanaçı olmaqla, ümumilikdə 52 gənc işə qəbul olunub”, -deyən təhsil naziri yeni fəaliyyətə başlayan gənc kadrları təbrik edib.
Gənc kadrlarla görüşdən sonra onlara ümumtəhsil müəssisələrində üzərlərinə düşən vəzifələrlə bağlı seminar keçirilib.