Naxçıvan Dövlət Universiteti səhiyyə sahəsində keyfiyyətin idarəolunması üzrə Avropa təlimlərində iştirak edir

A- A A+

Naxçıvan Dövlət Universitetinin tərəfdaş olduğu LMQS layihəsinin  növbəti təlimi Erasmus+ KA2 proqramı çərçivəsində həyata keçirilir.

Universitetin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təlimlərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr bölməsinin müdiri İlahə Hüseynova, Roman-German dilləri kafedrasının baş müəllimi Əzizə Əliyeva iştirak edir.

Səfər çərçivəsində Azərbaycanda səhiyyə xidmətlərində keyfiyyətin idarə olunması ixtisaslaşması üzrə yeni peşə bakalavrı və peşə magistr proqramının yaradılması ilə bağlı Avropa təcrübəsi öyrənilir. Eyni zamanda bu sahədə müasir təcrübənin ölkəmizdə tətbiqi üçün Avropa məkanında səhiyyə xidmətinin keyfiyyətinə nəzarət, onun qiymətləndirilməsi, sertifikatlaşdırılması və səmərəliliyinin müəyyən edilməsi metodlarının öyrənilməsi, Tuninq metodologiyası və onun tədris prosesində tətbiqi istiqamətində müzakirələr aparılır.

Qeyd edək ki, "Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı" layihəsi  çərçivəsində baş tutan təlimlər layihənin koordinatoru olan Qərbi Attika Universitetinin təşkilatçılığı ilə Yunanıstanın Afina şəhərində keçirilir. Təlim və müzakirələrdə Azərbaycan Texniki Universiteti və Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialı da iştirak edirlər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: