Naxçıvan Musiqi Kollecinin hesabat konserti olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarmon ifaçısı Sahil Qasımovun bədii rəhbərlik etdiyi “Gənclik” instrumental ansamblının konserti tədbir iştirakçılarına təqdim edilib. İlk olaraq tar, skripka, pianino, zərb alətlərindən ibarət ansamblın kompozisiyası dinlənilib. Vətənpərvərlik mahnılarından ibarət konsertdə “Vokal” ixtisası üzrə IV kurs tələbəsi Nuray Ağazadənin ifasında Emin Sabitoğlunun “Azərbaycanım” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. “Xanəndəlik” ixtisasının tələbələrinin ifasında “Xudayar təsnifi”, vokal qrupunun ifasında “Yaşa Azərbaycan”, “Zəfər” mahnıları konsert iştirakçılarına xoş ovqat bəxş edib.
Konsertdə, eyni zamanda Kollecin Qanun çalanlar ansamblının ifasında Süleyman Ələsgərovun “Şalaxo”, “Gənclik” instrumental ansamblının təqdimatında kompozisiya, eləcə də “Azərbaycanım” mahnısı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda universitetin rektoru Elbrus İsayev hesabat konsertini yüksək qiymətləndirərək konsertdə əməyi keçən hər kəsi təbrik edərək uğurlarının davamlı olmasını arzulayıb.
Fəxriyyə Səyyadova