Ali təhsil müəssisələrinin kollektivləri muzeylərdə olublar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun kollektivləri muzeyləri ziyarət ediblər.
“Naxçıvan” Universitetinin kollektivi Kəngərli rayonunun Qarabağlar kəndindəki Türbə Kompleksini ziyarət edib. Qonaqlara bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 14 iyul tarixli sərəncamı bu nadir memarlıq nümunəsinin bərpası və qorunaraq gələcək nəsillərə çatdırılması sahəsində mühüm addımdır.
Qonaqlar kompleksin ayrı-ayrı guşələrinə baxıb, eksponatlarla maraqlanıblar.
Naxçıvan Müəllimlər İnstitutunun kollektivi Duz Muzeyi ilə tanış olub. Bildirilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən yaradılıb. Beş min illik tarixə malik Naxçıvanda şəhər mədəniyyətinin əsasını duzçıxarma və duz mədənçiliyi təşkil edib. Muzeyin yaradılmasında məqsəd də Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu dünyaya çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etməkdir.
Adilə Səfərova