Lütfi Zadə adına beynəlxalq olimpiada keçiriləcək

A- A A+

Dekabrın 20-25-də dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına beynəlxalq olimpiada keçiriləcək.

Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Lütfi Zadənin 100 illiyinə dair tədbirlər planı çərçivəsində nəzərdə tutulan olimpiada məktəblilər arasında riyaziyyat və informatika fənləri üzrə təşkil olunacaq. Olimpiadada dünyanın müxtəlif ölkələrindən məktəblilər iştirak edəcəklər. Onlayn keçirilməsi planlaşdırılan olimpiadaya yaşı 18-dən çox olmayan məktəblilər qatıla biləcəklər.

Dekabrın 20-də olimpiadanın onlayn formatda açılış mərasimi, dekabrın 22-də riyaziyyat, dekabrın 23-də informatika fənni üzrə yarış günü, dekabrın 25-də isə qaliblərin elan edilməsi və bağlanış mərasiminin təşkili nəzərdə tutulur.

Riyaziyyat fənni üzrə iştirakçılara 4 tapşırıq və bu tapşırıqların həlli üçün 4 saat 30 dəqiqə vaxt, informatika fənni üzrə isə iştirakçılara 4 tapşırıq və onların həlli üçün 5 saat vaxt veriləcək.

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd görkəmli alim Lütfi Zadə və onun elmə verdiyi töhfələr barədə dünya məktəblilərini daha çox məlumatlandırmaq, ayrı-ayrı ölkələrdən olan istedadlı gənclər arasında dostluq münasibətlərinin qurulmasını təmin etmək, məktəblilərdə riyaziyyat və informatika fənlərinin dərindən öyrənilməsinə maraq yaratmaqdan ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: