Filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas Elnarə Akimova NDU tələbələri üçün vebinar keçib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  vebinar “Müasir ədəbi proses və ədəbi tənqid”  mövzusunda baş tutub.

Qeyd edilib ki, ədəbi tənqid bədii əsərləri təhlil etmək, dəyərləndirmək, onun məziyyətlərini və qüsurlarını üzə çıxarmaq, bütövlükdə ədəbiyyat haqqında fikir və mülahizələr yürütmək sənətidir. Ədəbi tənqidin başlıca funksiyalarından biri ədəbi əsərlərin çağdaş dönəmin elmi-nəzəri dəyərləri bağlamında oxunuşu və şərhidir. Ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatı tarixində ədəbi tənqidin ilk örnəklərini yaradan XI əsr şairi Xətib Təbrizinin adını çəkib. Vurğulanıb ki, yaxın tarixi keçmişimizdə isə ədəbi tənqidin inkişafında M. F. Axundov, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Seyid Hüseyn, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli və başqa müəlliflər tənqidi istiqamətdə ədəbi əsərlər yazıblar. 

Vebinarda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb. 

Qeyd edək ki, Elnarə Akimova 2001-ci ildən ədəbiyyat tarixçisi kimi elmi fəaliyyətə və çağdaş ədəbi prosesdə tənqidçi kimi fəaliyyətə başlayıb. Ondan artıq kitab, yüzlərlə məqalənin müəllifidir. O, 2019-cu ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən ədəbiyyatşünaslıq üzrə Koordinasiya Şurasının, həmin ildən  Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. Cəfər Cabbarlı Komissiyasının üzvü, Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatının eksperti olan Elnarə Akimova 2015-ci ildən ölkənin nüfuzlu "Ədəbiyyat qəzeti"ndə Azərbaycan ədəbiyyatının yaradıcılıq problemlərindən bəhs edən elmi-nəzəri yazılarla çıxış edir.

Səadət Əliyeva 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: