Şair Xanəli Kərimlinin 70 illik yubileyi qeyd edildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlinin 70 illik yubileyinə həsr olunmuş “Şair könlü bir ümmandır” adlı ədəbi-bədii kompozisiya keçirilib.
“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti Arif Ağalarovun təqdimatında keçirilən tədbirdə şairin ədəbi yaradıcılığı qiymətləndirilib. Vurğulanıb ki, bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlayan Xanəli Kərimlinin ilk şeiri “Toğluqayanın Məmməd Araza məktubu” şeiridir. Şair sözün dəyərini dərindən duya bilən və öz xarakteri ilə səmimilik və sadəliyin fövqündə dayanan əsl insandır.
Xalq artisti Kamran Quliyev Xanəli Kərimlinin yubileyinə dair Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat” qəzetində çap olunan məktubunu oxuyub və şairin poeziyasından bir nümunə bədii qiraət edib.
Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova , Əməkdar incəsənət xadimi, bəstəkar Kamal Əhmədov şairin yaradıcılığından danışıblar.
Tədbir boyunca Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Aqib Seyidovun bədii rəhbəri olduğu “Xalq çalğı alətləri” kafedrasının “Şəms” instrumental ansamblının müşayiəti ilə kompozisiyanın ruhuna uyğun ifalar səsləndirilib, Əməkdar artist aşıq Tural Bağırovun saz ifası tədbirə xoş ovqat bəxş edib.
Universitetin rektoru Elbrus İsayev ədəbiyyat və incəsənətin birgə vəhdətindən təşkil olunan yubiley tədbirini yüksək qiymətləndirib. Rektor yubilyarı təbrik edərək ona sağlıqlı ömür, yaradıcılıq uğurları arzulayaraq universitetin Fəxri fərmanını və gül dəstəsini təqdim edib.
“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli göstərilən xüsusi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Xanəli Kərimli 1951-ci il noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Şair 1987-ci ildə “Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941-1970)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
Səadət Əliyeva