Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev orta təhsil aldığı məktəbdə nümunəvi dərs keçib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dərsdə Elbrus İsayevin məzunu olduğu, 2000-2005-ci illərdə tarix müəllimi kimi əmək fəaliyyətinə başladığı Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin XI sinif şagirdləri iştirak edib. Rektor 44 gündə qazandığımız Zəfər tariximiz haqda danışaraq şagirdlərə vətənini sevməyi, şəhidlərimizin xatirəsini hər zaman əziz tutmağı tövsiyə edib.
Elbrus İsayev ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris metodları haqda məlumat verib. Bildirilib ki, Naxçıvan Dövlət Universiteti son illər ən yüksək inkişaf mərhələsinə çatıb. Bir çox beynəlxalq layihələrdə uğurla təmsil olunan universitetdə yeni yaradılacaq texnopark layihəsi barədə ətraflı məlumat verilib. Rektor “Times Higher Education” (THE World University Rankings 2022) versiyası üzrə aparılan reytinq üzrə dünyanın ən yaxşı universitetləri sırasında Naxçıvan Dövlət Universitetinin seçildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, yüksək bal toplayan abituriyentlərin əksəriyyəti məhz bu ali təhsil ocağını seçir. Abituriyentlərə peşə seçimində xüsusi olaraq diqqətli olmalarını məsləhət görən Elbrus İsayev müasir dövrün tələblərinə cavab verən ixtisaslara üstünlük vermələrini tövsiyə edib.
Dərsdə iştirak edən şagirdlərə universitetin tanıtım bukletləri təqdim olunub.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 mart 2015-ci il tarixli Sərəncamına əsasən, muxtar respublikanın ümumtəhsil məktəblərində ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəsi və elmi adı olan alimlərinin iştirakı ilə nümunəvi dərslər təşkil edilir.
Səadət Əliyeva