Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda təşkil olunmuş konfransda İnstitutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov şairlə bağlı aparılan araşdırmalardan danışıb, İnstitutda nəşr olunan “Taleyi və sənəti” seriyası üzrə növbəti kitabın Müzəffər Nəsirliyə həsr olunacağını diqqətə çatdırıb.
AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov konfransda “Müzəffər Nəsirlinin həyat və yaradıcılığı” haqqında məruzə edib.
Diqqətə çatdırıb ki, hələ erkən yaşlarında yaradıcılığa başlayan şair həmin illərdə Naxçıvanda təşkil olunmuş “Qızıl qələmlər” ədəbi birliyinin fəal iştirakçısı olub, 17 yaşında ikən Naxçıvan Proletar Yazıçılar Cəmiyyətinə katib seçilib Şairin “Həyat haqqında mahnı”, “İşıq”, “Mənim respublikam”, “Araz sahilində”, “İki ürək” kimi kitabları nəşr olunmuşdur. Yaradıcılığı dövründə əvvəlcə “Asim”, “Sələsüzlü”, sonralar isə “Nəsirli” imzası ilə şeirlər yazıb.
Şair kimi yüksək peşəkarlıq nümayiş etdirən Müzəffər Nəsirli qələmini dramaturgiya sahəsində də sınayıb, “Azadlıq günəşi”, “Qanlı qanunlar” və digər dram əsərlərini qələmə alıb.
“Naxçıvan duzu”, “Qızlar bulağı”, “Əlincə qalası”, “Şahbuz lövhələri” kimi şeirlər şairin Naxçıvanın təbiətinə, tarixinə, mədəniyyətinə, insanlarına bəslədiyi dərin məhəbbəti bütün əzəmətilə əks etdirir.
Qeyd olunub ki, Müzəffər Nəsirli yaradıcılığında Naxçıvanın müxtəlif sahələrdə ad çıxarmış adlı-sanlı qadınlarından bəhs edən irihəcmli əsərlər mühüm yerə malikdir. Onun Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovaya həsr olunan “Arpaçayın sahilində” əsəri zəhmətkeş Naxçıvan qadını və onun əməkçi rəşadətini poetik ustalıqla tərənnüm edir. Məşhur şairə Qönçəbəyimin həyatından bəhs edən “Qönçəbəyim nəğməsi”, Azərbaycan və dünya mədəniyyətinin incisi Möminə xatun türbəsinə həsr olunan “Məhəbbət təcəssümü” əsərləri məhz qadın qəhrəmanlığı, sədaqəti, vəfası, məhəbbəti, vətənpərvərliyi və başqa keyfiyyətlərini anladan qiymətli ədəbiyyat nümunələridir.
İnstitutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun “Müzəffər Nəsirlinin “Qönçəbəyim nəğməsi” pyesi Naxçıvan səhnəsində” mövzusunda, “Naxçıvan” Universitetinin “Xarici dillər” kafedrasının müdiri Anara Nəsirli “Müzəffər Nəsirlinin uşaq şeirlərinin qəhrəmanları, yaxud baba haqqında nəvə sözü” mövzusunda çıxışları dinlənilib.
Görkəmli şəxsiyyətlərə göstərilən diqqətdən danışan Anara Nəsirli babasının yaradıcılığına verilən yüksək dəyərə görə muxtar respublika rəhbərliyinə minnətdarlığını bildirib.