Naxçıvan Dövlət Universitetində ilk dəfə tədrisi həyata keçirilən “Hərbi tibb” ixtisasının təqdimatı olub - VİDEO
Naxçıvan Dövlət Universitetində 1999-cu ildə fəaliyyətə başlayan Tibb fakültəsində yaradılan müasir tədris şəraitinin nəticəsidir ki, “Hərbi tibb” ixtisası uğurla fəaliyyətə başlayıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri təqdimat mərasimində rektor Elbrus İsayev səsləndirib.
Rektor bu ixtisas üzrə artıq 10 tələbənin təhsil aldığını qeyd edib. Bildirilib ki, hazırda fakültədə “Tibb”, “Müalicə işi”, “İctimai səhiyyə”, “Tibbi profilaktika”, “Əczaçılıq”, “Stomatologiya” və bu il qəbulu aparılan “Hərbi tibb” və “Psixologiya” ixtisasları da daxil olmaqla 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Fakültədə 1257 tələbə təhsil alır, məzunların 200-dən çoxu muxtar respublikanın səhiyyə müəssisələrində çalışmaqla bərabər əksəriyyəti müxtəlif xəstəxanalarda baş həkim kimi də fəaliyyət göstərir. Rektor diqqətə çatdırıb ki, fakültə məzunlarının bir çoxu hal-hazırda ABŞ, Hollandiya, İspaniya, Nigeriya, Almaniya, Kanada, Türkiyə, İran, Kipr, Gürcüstan və b. xarici ölkələrdə çalışır və ya təhsillərini davam etdirirlər. Rektor “Hərbi tibb” ixtisasının açılmasında göstərdiyi xüsusi diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlıq edib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, Azərbaycan Müdafiə Nazirinin müavini, general-polkovnik Kərəm Mustafayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə və hissələrin kiçik hərbi tibbi mütəxəssislərlə və hərbi həkim heyəti ilə təmin edilməsində yeni yaradılan “Hərbi tibb” ixtisası böyük əhəmiyyətə malikdir. Bu ixtisasda təhsil alan tələbələrin təhsili üçün yaradılan lazımi şərait muxtar respublikada ali təhsilli hərbi tibbi kadrların hazırlığı istiqamətində atılan mühüm addım kimi dəyərləndirilib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hamiliyə dair verdiyi sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinə uyğun olaraq universitetin “Hərbi tibb” ixtisası Əlahiddə Ümumqoşun Ordunun hamiliyinə verilib. Yüksək ixtisaslı kadr hazırlığını təmin etmək məqsədilə “Hərbi tibb” ixtisasında təhsil alan tələbələr üçün yeni geyim dəstləri və nəqliyyat vasitəsi ayrılıb. Tələbələr Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında və səhra şəraitində açılmış səyyar tibb məntəqələrində praktiki məşğələlərə cəlb edilən zaman onlar üçün ayrılmış mikroavtobusdan istifadə edirlər. General-polkovnik vurğulayıb ki, tələbələr Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında və digər hərbi tibb müəssisələrində praktiki olaraq biliklərini artırmaq və məzun olduqdan sonra işlə təmin olunmaq imkanı əldə edəcəklər.
Tədbirdə Tibb fakültəsinin tanıtım videosu, “Hərbi tibb” ixtisasında təhsil alan tələbələrə həsr olunan videoçarx nümayiş olunub.
İncəsənət fakültəsi əməkdaşlarının təqdimatında konsert proqramı nümayiş olunduqdan sonra tələbələrə həkim xalatı geydirilib və hərbi formalar təqdim olunub.
Tədbirin sonunda qonaqlar Tibb fakültəsində yüksək maddi-texniki baza ilə zəngin Anatomiya, Mulyaj-simulyasiya, Fitoterapiya, Stomatoloji, Əczaçılıq simulyasiya kabinələrində, Patologiya, Əczaçılıq, Kimya, Stomatoloji texniki, Mikrobiologiya laboratoriyalarında olub və tələbələrin təcrübi dərslərinin keçirilməsində mühüm əhəmiyyət daşıyan, müasir standartlara cavab verən avadanlıqlardan razı qaldıqlarını ifadə ediblər.
Səadət Əliyeva