NDU-da beynəlxalq elmi konfrans: “Naxçıvan beynəlxalq ticarət və logistika mərkəzi kimi” - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfransda çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev tədbirin əhəmiyyətini diqqətə çəkib. Qeyd olunub ki, konfrans universitetdə yeni açılan və gələcək prespektivləri yüksək olan “Beynəlxalq ticarət və logistika” ixtisası tələbələrinin iştirakı ilə baş tutur. Rektor bildirib ki, bu ixtisasın əsas məqsədi qloballaşan dünyamızdakı beynəlxalq bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək və öyrənilənləri biznesin müxtəlif sahələrində praktiki olaraq tətbiq etmək bacarığı olan kadrlar yetişdirməkdən ibarətdir.

Vurğulanıb ki, Naxçıvan tarixən nəqliyyat kommunikasiyalarının mərkəzində yerləşən coğrafi ərazi olduğuna görə tarixi İpək Yolu üzərində mühüm rol oynayıb. Düşmən üzərində parlaq qələbəmiz sayəsində torpaqlarımızın işğaldan azad edilməsi və nəticədə Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru yolu əlaqəsinin bərpası əsas məsələlərdən biri kimi gündəmdədir.

İqtisad elmləri doktoru, professor Teymur Abbasov “Naxçıvanın nəqliyyat logistika mərkəzinə çevrilməsi işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafında əsas amildir” mözusunda çıxışı zamanı diqqətə çatdırıb ki, Şuşa Bəyannaməsində qeyd olunan müddəalara əsasən Naxçıvanın yaxın gələcəkdə beynəlxalq ticarət və logistikanın mərkəzinə çevriləcəyi şübhəsizdir. Azərbaycan və Türkiyəni Naxçıvan vasitəsilə birləşdirən Zəngəzur dəhlizinin açılması əlaqələrin intensivləşməsinə mühüm töhfə verəcək. Şuşa Bəyannaməsində bununla bağlı xüsusi bir bəndin olması məsələnin mahiyyətini nümayiş etdirir.

Tədbirə onlayn qoşulan Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Mübariz Bağırov “Naxçıvanın logistika mərkəzi kimi inkişaf perspektivləri” mövzusunda çıxış edib. Qeyd olunub ki, Naxçıvanın logistik mərkəzə çevrilməsi muxtar respublikanın hüquqi və fiziki şəxslərinin əmtəə istehsalı və emal sənayesi ilə məşğul olanların yeni bazarlara çıxışını təmin edərək diversifikasiyanın inkişafına gətirib çıxaracaq. Bunun da nəticəsində ticarət dövriyyəsi artacaq, eyni zamanda logistikanın əsas elementi olan daşımaların həcmi çoxalacaq.

Konfransda Ərzurum Atatürk Universitetinin professoru Kərəm Qarabuludun “Qars-İqdır-Naxçıvan-Bakı dəmir yolu inkişafında Naxçıvanın körpü rolu”, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rəsul Balayevin “Beynəlxalq logistika şəbəkəsində rəqəmsal texnologiyalardan istifadə perspektivləri” mövzularında çıxışları dinlənilib.

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: