Naxçıvan Muxtar Respublikasında xalq təhsilinin inkişafına nəzər salsaq, aydın görərik ki, Azərbaycanın ayrılmaz hissəsi olan bu bölgədə maarifin inkişafı XIX əsrin 30-cu illərindən başlamışdır. Bu illərdə Çar Rusiyasının yeritdiyi maarifçilik siyasətində əsas məsələlərdən biri Qafqazda yeni məktəblər açmaq idi. Xalq maarifi haqqında verilən əsasnamələrdə Naxçıvanda, Ordubadda qəza məktəbləri açmaq əsas gündəmdə olan məsələlərdən biri idi. Naxçıvanda ilk qəza məktəbinin açılması 1837-ci ilin mart ayında gerçəkləşdi. Məktəbə 20 uşaq qəbul olundu. Məktəbin açılmasında əsas məqsəd yuxarı təbəqənin uşaqlarını təhsilə cəlb etmək, onları Tiflis gimnaziyasına hazırlamaq idi. İlk qəza məktəbinin fəaliyyəti Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədlərdə öz əksini tapmışdı.
Naxçıvan kəndlərində ilk dəfə açılan məktəb Qulubəydizə (Leninabad, Kərimbəyli) kəndindəki məktəb oldu. Bundan sonra bir sıra kəndlərdə o cümlədən Şərur rayonunun Baş Noraşen (Cəlilkənd), Yengicə, Şahtaxtı və sair kəndlərində məktəblər açıldı. Bu məktəblər, əsasən, əhalidən könüllü toplanan ianələr, qismən də zemstvolar (əyanlar) tərəfindən verilən pul hesabına saxlanılırdı. Əhalisi sıx olan kəndlərimizdən biri olan Sədərək kəndində məktəb XIX əsrin sonlarında 1896-cı ildə açılmışdı. Bütün qəza məktəblərində olduğu kimi Sədərək məktəbində də, şəriət dərsləri istisna olmaqla, dərslər rus dilində keçirilirdi. Naxçıvanda Sovet hakimiyyəti qurulduqdan sonra da Sədərək məktəbi öz fəaliyyətini davam etdirmişdir.
Yeni yaradılan sistem irqindən, cinsindən asılı olmayaraq, hamıya öz ana dilində təhsil almaq hüququ verdi. Yaradılan maarif şöbələri inqlabdan əvvəl təhsil almış, məktəblərdə işləmiş əvvəlki müəllimləri də bütün qüvvələrini səfərbər etməklə xalq maarifinin inkişafına cəlb etdi. Mircəfər Mirişli, Xəlil ağa Hacılarov,Əbdüləzim Rüstəmov, HəsənQazıyev, Rza Bəyzadə, İlyas Mahmudbəyov,Tağı Səfiyev və başqaları pedaqoji fəaliyyətə qoşuldu.
Rza Bəyzadə kim idi? Yeni hökumət onu 1920-ci ildə Sədərək məktəbinə müdir göndərdi. Sənədlərə müraciət etsək, aydın görərik ki, Bəyzadə Rza Əli oğlu Noraşen (Şərur) rayonunun Sədərək kəndində anadan olmuşdur. İlk təhsilini 1896-cı ildə Sədərək kəndində açılmış ibtidai məktəbdə rus dilində almışdı. İbtidai məktəbi Sədərək kəndində bitirdikdən sonra İrəvan şəhərindəki gimnaziyaya daxil olmuşdur. Həmin vaxt Sədərək kəndindəki “Bəyzadə” məhəlləsinin adını özünə soyad götürmüşdür. 1911-1912-ci illərdə gimnaziyanı bitirərək Tiflis kommersiya məktəbinə daxil olmuş, məktəbdə oxuya-oxuya məktəbyaşlı uşaqların evdə təhsil alması ilə məşğul olmuşdur.
Təhsilini artırmaq üçün Bakıya getdikdən sonra Sədərək kəndinə daşnakların hücumu nəticəsində valideynlərindən heç bir xəbər ala bilməyən Rza Bəyzadə yenidən Sədərəyə qayıtmış, maddi vəziyyətin çətinliyi üzündən geri qayıda bilməmişdir. Naxçıvanda Sovet hakimiyyəti bərqərar olanda İlyas Mahmudbəyovun köməkliyi ilə Sədərək məktəbinə göndərilmişdir. Onun bütün pedaqoji fəaliyyəti, əsasən, bu kənd məktəbi ilə bağlıdır. Rza Bəyzadənin adını 1929-cu ildə Naxçıvanda açılmış pedaqoji kursa göndərilən müəllimlər sırasında da görürük.
İbtidai məktəbdən natamam və orta məktəbə çevrilən Sədərək məktəbi 125 illik şərəfli bir yol keçmişdir.
1941-ci ildə alman faşist qoşunlarının hücumu həmin dövrdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük boşluq yaranmasına səbəb olmuşdu. Cəbhəyə yollanan müəllimləri müharibəyə getməyən müəllimlər əvəz edərək ikiqat çalışırdılar. Noraşen (Şərur) rayonu üzrə müəllim və şagirdlərin 1942-ci ilin yay konkursunda sentyabr ayına kimi kənd təsərrüfatında işləməsinə dair məlumatlar mövcuddur. Həmin məlumatlarda Sədərək məktəbini 50 komsomolçu və 2 müəllimdən ibarət briqada təmsil etmişdir. Briqada Rza Bəyzadənin başçılığı altında sosializm yarışına qoşularaq Sədərək kolxozunda biçinçiliklə məşğul olmuş, 1890 əməkgünü qazanaraq ölkənin müdafiə fonduna vermişdilər.
Odlu-alovlu müharibə illərində Sədərək məktəbində şagirdlərin sayı azalmamış, 1943-1944-cü tədrisilində Sədərək məktəbində 20 sinif üzrə 682 şagird təhsil almış, şagirdlərin təlim-tərbiyəsi ilə İ.İbrahimov, Ə.Məmmədov, H.Hüseynov, H. Hüseynova məşğul olmuşdur.
1954-1955-ci tədrisilində 20 sinif üzrə 607 şagird təhsil almış onlardan 11 nəfəri isə kamal attestatına layiq görülmüşdür. 1955-1956-cı tədris ilində 20 sinif üzrə 522 şagird, 1957- 1958-ci tədris ilində 18 sinif üzrə 503 şagird təhsil almışdır. Bu illərdə Sədərək məktəbində müəllimlərin sayı artmışdır. 1939-cu ildə Naxçıvan İkiillik Müəllimlər İnstitutunun açılması Naxçıvanın ən ucqar guşələrindən bu instituta tələbə axınının başlamasına səbəb olmuşdu. Bu təhsil ocağının istər əyani, istərsə də qiyabi şöbəsinin məzunları hesabına Sədərək məktəbində müəllimlərin sayı artmışdı. 1956-1957-ci illərdə məktəbdə ali təhsilli Firudin Xudiyev,Yusif Kazımovla yanaşı, ali-orta təhsilli İbrahim Məmmədov, Mir Abbas Seyidov, Talıb Hüseynov və başqaları çalışmışdır. Keçən əsrin 60-cı illərində Sədərək məktəbi də istehsalat təlimi verən 11 illik məktəbə çevrilmişdir. Sədərək məktəbinin şagirdləri Azərbaycan Kommunist Partiyasının 40 illiyi adına üzümçülük sovxozunda istehsalat təlimi keçərək üzümçü peşəsinə yiyələnmişdilər.
XX əsrin 70-ci illərində məktəbdə siniflərin və şagirdlərin sayı artmışdır. Belə ki, 1972-1973-cü dərs ilində 52 sinif üzrə 1648, 1973-1974-cü dərs ilində 47 sinif üzrə 1793 şagird, o cümlədən 65 nəfər məzun, 1979-1980-ci illərdə 33 sinif üzrə 1177 şagird təhsil almış, 111 şagird məktəbi bitirərək müstəqil həyata qədəm qoymuş, müxtəlif ali və orta ixtisas məktəblərinə qəbul olmuş, istehsalatda çalışmışdılar.
Müstəqillik illərində Sədərək kəndi rayona çevrilmiş, yeni məktəb istifadəyə verilmişdir. 1896-cı ildə yaranan məktəbin davamı olan 1 nömrəli məktəbdə 1996-1997-ci dərs ilində 52 sinif üzrə 1202 şagird, 2000-2001-ci illərdə 48 sinif üzrə 124 oğlan və 558 qız olmaqla, ümumilikdə 682 şagird təhsil almışdı.
2014-cü il yanvar ayının 7-də Sədərək kənd 1 nömrəli tam orta məktəbin yeni binasının açılışı olmuşdur. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak etmiş, yeni məktəbin binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Şagirdlər məktəbdə yaxşıtəhsil almalı, müasir informasiya texnologiyalarını öyrənməli, ölkəmizin fəaliyyəti üçün əsl vətəndaş kimi böyüməlidirlər”.
Yeni istifadəyə verilmiş 3 mərtəbəli, 825 şagird yerlik məktəb 46 sinif otağı, 4 kompüter otağı, hərbi kabinə, 2 müəllimlər otağı, 3 laboratoriya, kitabxana, idman zalı, bufet və sairdən ibarətdir.
Bu gün Sədərək 1 nömrəli tam orta məktəb ən nümunəvi məktəb kimi Naxçıvan Muxtar Respublikası Təhsil müəssisələri içərisində seçilir. Məktəbdə 2020-2021-ci tədris ilində 895 şagird təhsil almış, 42-si məzun olmuşdur. Onlardan 28 nəfər ali və orta ixtisastəhsili müəssisələrinə qəbul olmuşdur. Məzunlardan Tağıyeva Elnarə Elnur qızı, Mustafayeva Zeynəb Afət qızı, Tağıyeva Sevinc Elsəvər qızı yüksək nəticə göstərərək Naxçıvan Dövlət Universitetinin müxtəlif ixtisaslarına qəbul olmuşlar.
Gənc məktəb direktorlarından olan Əliyev Ayaz Elşən oğlu məktəbə rəhbərlik edir. Qədim təhsil ənənələrinə malik olan bu təhsil ocağında 54 müəllim çalışır ki, onlardan Rzayev Sultan Rza oğlu “Naxçıvan MuxtarRespublikasının Əməkdar müəllimi”dir. Şahverdiyev Aydın Məhərrəm oğlu, Əliyev Kəmaləddin Qurban oğlu “Tərəqqi” medalına, Həsənova Vəfa Əflatun qızı “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşlər. Qasımova Tahirə İsmayıl qızı, Seyidov Məhərrəm Müzəffər oğlu və Həsənova Vəfa Əflatun qızı ayrı-ayrı illərdə “İlin müəllimi” adını almışlar.
Məktəbin tarixinə nəzər saldıqda aydın görürük ki, zaman dəyişsə də, məktəbdə müəllimlərin zəhmətinin bəhrəsi, onların yetişdirdikləri şagirdlərin müxtəlif sahələr üzrə ali təhsil alması, vətən üçün layiqli övlad olması və müəllimlərin əməyinin qiymətləndirilməsi dəyişməyib.
Biz isə öz növbəmizdə şərəfli peşə sahibləri olan zəhmətkeş müəllimlərimizə gələcəyimizin qurucuları olan gənc nəslin yetişdirilməsi işində uğurlar arzulayırıq.
Zülfiyyə İsmayılova
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şöbə müdiri
“Oğuz yurdu”qəzeti