AMEA Naxçıvan Bölməsində ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

A- A A+

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə akademik İsmayıl Hacıyev Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrlə bağlı məruzə edib.

Akademik AMEA Naxçıvan Bölməsində 2021-ci ildə yerinə yetirilən işlər və əldə olunan nailliyyətlər haqqında məlumat verib. Bildirib ki, bölmədə 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzu üzrə 37 iş 88 mərhələdə yerinə yetirilib, 6 mühüm nəticə əldə olunub. 2 akademik, 4 müxbir üzv, 5 elmlər dоktоru, 49 fəlsəfə dоktоru, 28 doktorant və dissertantdan ibarət 88 əməkdaş tərəfindən aparılan tədqiqatlar 15 monoqrafiya, 11 kitab, 1 kitabça, 2 metodik vəsait, 457 elmi məqalə, 182 konfrans materialı, 5 tezis olmaqla 672 elmi əsərdə əksini tapıb. 3 buklet, 3 xəritə tərtib edilib, 2 patent və 1 sənaye nümunəsi təsdiq olunub. Əsərlərdən 159-u xaricdə nəşr olunub. 46 məqalə impakt faktorlu jurnallarda çapdan çıxıb. Bölmədə 2 beynəlxalq səviyyəli qrant layihənin icrası uğurla davam etdirilib.

“Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin dörd nömrəsi işıq üzü görüb. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsi, “Elmi əsərlər” jurnalının Aşıq Ələsgərin 200 və Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileylərinə həsr olunan xüsusi nömrələri nəşr olunub.

Məruzədə, həmçinin kadr hazırlığı məsələsi də diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 1 nəfərə elmlər doktoru elmi dərəcəsi, 2 nəfərə dosent elmi adı verilib.

Alim Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsində YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair tədbirlər həyata keçirildiyindən danışıb. Bildirlib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib və uğurlu nəticələr qazanıblar.

2022-ci ildə elm festivalının keçirilməsi, rayonların tarixinin işlənilməsi, Naxçıvanın qədim türk yurdu olması ilə bağlı tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, çoxcildlik “Naxçıvan etnoqrafiyası”nın hazırlanması, “Naxçıvan folkloru”, Naxçıvanın müasir ədəbi mühitinin tədqiqi, eləcə də digər mühüm vəzifələrin müəyyənləşdirildiyini söyləyən alim bildirib ki, qeyd olunan tapşırıqların yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir. Bununla əlaqədar olaraq Naxçıvan Bölməsinin elmi tədqiqat müəssisələrində tədbirlər planı hazırlanıb, işçi qrupları yaradılıb.

Məruzənin ardından bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev və Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: