Naxçıvanda 2021-ci ildə buraxılış və qəbul imtahanlarında iştirak edən məzunların 73 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. Keçirilən kollegiya iclasında nazir Rəhman Məmmədov ötən il təhsil sahəsində görülən işlərlə bağlı məruzə edib. Bildirib ki, 2021-ci ildə Şərur rayonunun Şəhriyar, Dərvişlər, Ordubad şəhər 1 nömrəli, Ordubad rayonunun Nüsnüs, Əndəmic, Dırnıs, Vələver, Babək rayonunun Göynük kənd tam orta və Araz kənd ümumi orta məktəblərinin yeni binası istifadəyə verilib, məktəblərin maddi-tədris bazası gücləndirilib. Həmçinin Ordubad rayonunda innovativ dərnəklər yaradılıb. Hazırda “STEAM Tədris Mərkəzi”nin, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin, Şərur rayon Çərçiboğan, Babək rayon Sirab və Ordubad rayon Pəzməri kənd məktəbləri binalarında yenidənqurma işləri davam etdirilir.

Təhsil naziri təhsil işçilərinin maddi rifah halının yaxşılaşdırılması və əməklərinin qiymətləndirilməsi istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, ötən il imzalanmış sərəncamlarla 2022-ci ilin yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Həmçinin gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin hərbi rütbəyə görə aylıq vəzifə maaşlarına da əlavələr edilib. Təhsilin inkişafında xidmətlərinə görə 2021-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamları ilə 4 müəllim Azərbaycan Respublikasının, 6 müəllim Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adı, 4 müəllim isə “Tərəqqi” medalı ilə təltif olunub.

Rəhman Məmmədov diqqətə çatdırıb ki, ötən il təhsil sahəsində bir çox yeniliklərlə yadda qalıb. Belə ki, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinə publik hüquqi şəxs statusu verilib, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib, Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb. Bunlarla yanaşı “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən 53 təhsil müəssisəsində STEAM kabinəsi, o cümlədən Heydər Əliyev adına tam orta məktəbdə “STEAM Tədris Mərkəzi” yaradılıb.

2021-ci ilin yanvar ayının 1-dən etibarən Televiziya və Radio Verilişləri Redaksiyası təhsilyönümlü televiziya və radio proqramlarının yayımına başlayıb, yanvar-may aylarında ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul olanların sertifikatlaşdırılması aparılıb, il ərzində təhsil müəssisələrində 202 idman klubu yaradılıb, gənc müəllimlərin fəallığını, peşəkar və fərdi inkişaflarını artırmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyi təsis edilib. Muxtar respublikada ilk dəfə olaraq VI və VII sinif şagirdləri arasında “Məktəblilərarası VI Fənn Müsabiqəsi”, V sinif şagirdləri arasında “Məktəblilərarası Məntiq Olimpiadası”, II-X sinif şagirdləri arasında isə “Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi” keçirilib. Bunlarla yanaşı əvvəlki illərdən tətbiq edilən “Sabahın müəllimi”, “Sabahın tədqiqatçıları” layihələri və şagirdlər arasında bir sıra müsabiqələr davam etdirilib, ali məktəblərlə dərsliklərin müzakirəsi aparılıb.

Vurğulanıb ki, təhsilə göstərilən dövlət qayğısı nəticəsiz qalmayıb, məzunlar buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr əldə edib. Belə ki, 2021-ci ildə buraxılış və qəbul imtahanlarında iştirak edən məzunların 73 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunub. 261 məzun qəbul imtahanlarında 500-700 arası bal toplayıb, onlardan  3-ü Prezident təqaüdünə layiq görülüb. Həmçinin hesabat dövründə 47 şagird muxtar respublika, 26 şagird respublika fənn olimpiadalarının, 55 şagird “Məktəblilərarası VI Fənn Müsabiqəsi”nin, 43 şagird isə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub. Məzunlardan 17-si qızıl, 17-si gümüş nişana, 41-i isə fərqlənmə attestatına, ümumi orta təhsil səviyyəsi üzrə isə 121 məzun fərqlənmə attestatına layiq görülüb.

İclasda məruzə ətrafında çıxışları dinlənilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Təhsil naziri Rəhman Məmmədov 2022-ci ildə təhsil müəssisələrində tədrisin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşə bacarıqlarının artırılması, təcrübə mübadilələrinin təşkili, STEAM təhsil metodunun tətbiqi və digər məsələlərlə bağlı tapşırıqlar verib.

 

Ramal Məmişov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: