Naxçıvan Şəhər Mərkəzi Kitabxanasında Sədi Şirazinin "Gülüstan" əsərinin müzakirəsi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər Mərkəzi Kitabxanasında "Oxunması zəruri olan kitablar" Siyahısında olan Sədi Şirazinin "Gülüstan" əsərinin müzakirəsi keçirilib.
Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Minayə Nəbisoy bildirib ki, dünya və şərq xalqlarının mədəniyyəti xəzinəsində özünəməxsus yer tutan cahanşümul və qüdrətli söz ustası Sədi Şirazi ölməz əsərləri ilə yüz illərdir oxucularına faydalı nəsihətlər verir, bəşəri düşüncələr, nəcib duyğular aşılayır. Sədi Şirazinin əsərləri 800 ildən artıq zaman ərzində geniş yayılıb milyonlarla insanları mənəvi-əxlaqi təmizliyə, xeyirxahlığa, haqq-ədalət yoluna səsləyir. Bu baxımdan onun "Gülüstan" əsərinin Naxçıvanda "Oxunması zəruri olan kitablar siyahısına salınması mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, pedaqogika elmləri doktoru Kamal Camalov Sədi Şirazinin əxlaqi didaktik görüşlərindən bəhs edib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov bildirib ki, Naxçıvanda oxunması zəruri olan kitabların siyahısında olan Sədi Şirazinin "Gülüstan" əsərində şərq müdrikliyinin əxlaqi-mənəvi keyfiyyətləri təbliğ edən fikirləri yer alıb. Bu mənada əsər gənc nəslin yüksək mənəvi keyfiyyətlərlə böyüməsində tərbiyəvi nümunə kimi diqqət çəkir.
Komplektləşdirmə və kitabişləmə şöbəsinin böyük kitabxanaçısı Dilbər Ramazanova "Sədi Şirazi hikmətinin işığında" mövzusunda çıxış edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xosrov İbrahimov