Naxçıvanda təhsilverənlərin növbəti sertifikatlaşdırma imtahanları başlayıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, muxtar respublikada pedoqoji heyətin bilik və bacarıqlarının yoxlanılması və  fəaliyyətinin gücləndirilməsi məqsədilə ikinci dəfə keçirilən və təhsilverənlərin karyera inkişafında, əməyinin stimullaşdırılmasında nəzərə alınacaq sertifikatlaşdırma imtahanlarında ötən il keçirilən imtahanlarda müvafiq keçid balını toplaya bilməyənlər, üzrlü səbəblərdən iştirak etməyənlər və pedaqoji fəaliyyətinin 5 ili tamam olan müəllimlər iştirak edəcək.

Ənənəvi qaydada iki - test və müsahibə mərhələsindən ibarət olan imtahanlarda təqdim olunan suallar təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə və tədris etdiyi fənnə aid olmaqla tərtib edilib. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramına aid 40, tədris metodikası və təlim strategiyasına aid 20 sual olmaqla, ümumlikdə 60 sual təqdim edilir.

2 saat vaxt çərçivəsində elektron qaydada keçirilən test mərhələsində hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir göstərmir. Test mərhələsi başa çatdıqdan dərhal sonra nəticə elan edilir və “Test imtahanının nəticəsi haqqında arayış” verilir.

Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılacaqlar. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər.

Qeyd edək ki, 2252 müəllimin iştirak edəcəyi və aprelin 7-ə qədər davam edəcək imtahanlar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında 19 iyun 2020-ci il tarixli qərarına uyğun olaraq keçirilir.


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: