NDU və İqdır Universiteti birgə sərgi təşkil edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti və Türkiyənin İqdır Universitetinin birgə təşkilatçılığı ilə “Ənənəvi incəsənət və sənətkarlıq nümunələri” sərgisi keçirilib.

İki gün davam edən sərginin açılış mərasimində çıxış edən universitetin rektoru Elbrus İsayev qonaqları salamlayaraq sərginin işinə uğurlar arzulayıb. Rektor universitetin İncəsənət, Memarlıq və mühəndislik, Pedaqoji fakültələrinin iştirakı ilə keçirilən tədbirdə ümumilikdə 1000-dən çox sənət nümunəsinin sərgiləndiyini diqqətə çatdırıb, qardaş ölkənin universiteti ilə birgə keçirilən sərginin əhəmiyyətini qeyd edib. Qeyd edib ki, bu cür görüşlər gələcək təcrübə mübadiləsinə mühüm töhfə verəcək.

Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz çıxış edərək Türkiyə və Azərbaycan arasında bütün sahələrdə olduğu kimi təhsil sferasında da qazanılan uğurlardan  bəhs edib.

İqdır Universitetinin rektoru Mehmet Hakkı Alma 2008-ci ildə yaradılan ali təhsil ocağı barədə məlumat verib. Bildirilib ki, ilk dəfə Naxçıvanda keçirilən sərginin sonra İqdırda, İranda, Gürcüstanda da keçirilməsi planlaşdırılıb. Rektor bir çox sahələrdə Naxçıvan Dövlət Universiteti ilə birgə iş birliyinin əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov maddi-mədəniyyət abidələrini qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə təşkil edilən sərgini yüksək qiymətləndirib. Qeyd edib ki, muxtar respublikada yaradılan şəraitin nəticəsidir ki, şagirdlər müasirliklə yanaşı, qədim adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunurlar. Nazir şagirdlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində innovativ dərnəklərin əhəmiyyətini xüsusilə qeyd edib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Universitetinin rektoru Nurlana Əliyeva təşkilatçılara minnətdarlıq edib və sərginin işinə uğurlar arzulayıblar.

Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva gələcəkdə bu istiqamətdə Rəssamlar Birliyində də sərgilərin keçirilməsi barədə təkliflərini çatdırıb.

Sonra sərgiyə baxış olub.

Sərgidə universitetin İncəsənət fakültəsi rəssamlıq və heykəltəraşlıq nümunələri, ağac üzərində rəsmlər, dekorativ tətbiqi sənət növləri, zərgərlik məmulatları, təbii daşlardan hazırlanmış aksesuarlarla iştirak edib.  Memarlıq və mühəndislik fakültəsi ötən ilin ən uğurlu və möhtəşəm layihəsi olan Texnopark, eskiz layihələri, ənənəvi və kompüter qrafikası ilə hazırlanan maketlər təqdim edib.

Sərgidə Pedaqoji fakültənin kollektivi dekorativ tətbiqi sənət nümunələri, metal və ağacdan hazırlanmış əl işləri, divar hanasında toxunmuş müxtəlif ölçülü xalçalar, dekorativ qurama güllər, sabun və şam nümunələri ilə təqdim ediblər. Həmçinin qonaqlara fakültənin qış tədarükü üçün hazırlanmış turşu və mürəbbələri, dərman bitkiləri, Naxçıvan mətbəxinə aid ədviyyatlar, quru meyvə və çərəz də təqdim olunub. 

Sərgidə qardaş ölkədən gələn sənət sahibləri də maraqlı əl işlərini nümayiş etdiriblər. Dəridən hazırlanan müxtəlif çantalar, keçədən hazırlanmış tablolar, şüşə boruları əritməklə hazırlanan muncuqlar və suvenirlər tamaşaçıların diqqətinə səbəb olub.

Çay süfrəsi ətrafında davam edən tədbirdə universitetin İncəsənət fakültəsi və Musiqi kollecinin tələbələri musiqi və rəqs nömrələri ifa ediblər. 

Sərginin ikinci günündə workshop təşkil edilib. Burada sərgilənən əl işlərinin hazırlanma texnikası və texnologiyası əyani sürətdə göstərilib.

Sonda sərginin təşkilatçıları İqdır Universiteti tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: