Yüksəkixtisaslı kimyaçı kadrların hazırlanması üçün dərsliklərin, dərs vəsaitlərinin yazılması və nəşri çox vacibdir. Hazırda tələbələrin əksəriyyətinin rus və ingilis dillərini yetərincə bilməmələri onların elmi mənbələrdən və dərsliklərdən istifadəsini çətinləşdirir.
NUHÇIXAN xəbər verir ki, bunları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Misir Neft Araşdırmaları İnstitutunun direktoru, professor Əhməd M. Əl-Sabah, pedaqoji elmlər doktorları (kimyanın tədrisi metodikası üzrə) Mütəllim Abbasov və Almaz Tağıyeva “Üzvi kimyanın əsas terminləri və konsepsiyaları” dərs vəsaitini yazaraq nəşr etdiriblər.
Kitabda eyni material üç dildə-Azərbaycan, ingilis və rus dilində verilib. Yeni vəsait ali məktəblərin tələbələri, magistrlər, dissertantlar, doktorantlar üçün nəzərdə tutulub. Kitabdan abituriyentlər də istifadə edə bilər. Bu, ölkəmizdə üç dildə materialların tam mətni verilən yeganə dərs vəsaitidir.
Kitabın yaxın gələcəkdə Qahirədə ərəb dilində nəşri də nəzərdə tutulur.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.